AZ

Əhalinin sayına görə ən böyük şəhərlər harada yerləşir?

Qlobal urbanizasiya xəritəsi Asiya, Afrika və inkişaf etmiş ölkələr arasında fərqli tendensiyaları üzə çıxarır...

Poliqon xəbər verir ki, əhalinin artımı, miqrasiya axınları və iqtisadi imkanlar milyonlarla insanı planetin ən iri şəhər aqlo­merasiyalarına cəlb etməkdə davam edir. Bununla yanaşı, əhalinin qocalması və məkan çatışmazlığı uzun müddətdir formalaşmış bir sıra meqapolislərdə artım tempini getdikcə daha çox məhdudlaşdırır.

Visual Capitalist portalının BMT-nin “World Urbanization Prospects 2025” hesabatının məlumatları əsasında hazırladığı yeni infoqrafika Yer kürəsinin ən böyük şəhər mərkəzlərini sıralayaraq hazırda əhalinin harada cəmləşdiyini və yaxın illərdə hansı regionlarda artımın davam edəcəyini göstərir.

Məlumata görə, Asiya qlobal urbanizasiyanın əsas mərkəzi olaraq qalır. 2025-ci ildə İndoneziyanın paytaxtı Cakarta təxminən 42 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük şəhəri hesab olunur. Naked Science-in məlumatına görə, Cakartadan dərhal sonra Banqladeşin paytaxtı Dəkkə və Yaponiyanın paytaxtı Tokio gəlir.

İlk otuzluqda yer alan şəhərlərin mühüm hissəsi Çin və Hindistanın payına düşür. Şanxay, Quançjou, Yeni Dehli və Mumbay kimi meqapolislər böyük daxili bazara, iqtisadi fəaliyyətin yüksək konsentrasiyasına və uzun illər ərzində formalaşmış regional mərkəz roluna söykənir.

Asiya miqyas baxımından lider olsa da, ən yüksək artım templəri getdikcə digər regionlarda müşahidə olunur. Afrikada yerləşən Anqolanın paytaxtı Luanda dünyanın ən sürətlə böyüyən şəhəri hesab edilir. 2000-ci ildən bəri burada əhali hər il təxminən 11 faiz artır. Bunun əsas səbəbləri yüksək doğum səviyyəsi və kənd ərazilərindən şəhərə kütləvi miqrasiyadır. Laqos və Kinşasa kimi digər Afrika şəhərləri də reytinqdə yüksəlir ki, bu da qitənin gənc əhali strukturu və sürətlənən urbanizasiya prosesini əks etdirir.

Bununla yanaşı, bütün iri şəhərlərdə artım eyni templə getmir. Osaka və Mexiko kimi bir sıra yetkin aqlo­merasiyalar əhali artımının zəifləməsi, hətta azalması ilə üzləşir. Bu tendensiyada əhalinin qocalması, doğum səviyyəsinin enməsi və yaşayış sahələrinin məhdudluğu əsas rol oynayır.

Yüksək gəlirli ölkələrdə şəhərlərin inkişafı getdikcə daha çox əhalinin sayının artımına deyil, əmək məhsuldarlığının yüksəlməsinə əsaslanır. Mütəxəssislər bunu son onilliklərlə müqayisədə urbanizasiya modelində mühüm dəyişiklik kimi qiymətləndirirlər.

Poliqon.info

Seçilən
48
poliqon.info

1Mənbələr