Ştatın şimalında davamlı leysan yağışları genişmiqyaslı daşqınlara səbəb olub...
Poliqon xəbər verir ki, ABŞ-nin Kaliforniya ştatının şimal bölgələrində fasiləsiz güclü yağışlar nəticəsində irimiqyaslı daşqın baş verib. ABC News telekanalının məlumatına görə, intensiv leysanlar çayların məcrasından çıxmasına və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olub.
Daşqın nəticəsində bir sıra ərazilərdə insanlar evlərində və avtomobillərində köməksiz vəziyyətdə qalıblar. Məlumata əsasən, su basmış avtomobildə qalan şəxslərdən birini xilas etmək mümkün olmayıb. Zərərçəkən fövqəladə xidmətlərə yardım siqnalı göndərib, polis əməkdaşları onu sudan çıxarmağa nail olsalar da, kişinin həyatını xilas etmək mümkün olmayıb.
Yerli hakimiyyət orqanları yağıntıların davam etməsinin torpaq sürüşmələri və sel axınları riskini artırdığını bildirir. Xüsusilə dağlıq və yamac ərazilərdə vəziyyətin daha da ağırlaşa biləcəyi istisna edilmir. Bu səbəbdən bəzi rayonlarda əhaliyə ehtiyat tədbirləri görmək və zərurət yaranacağı halda təxliyəyə hazır olmaq barədə xəbərdarlıqlar edilib.
Rəsmi məlumatlara görə, potensial təhlükə zonalarında təxminən 30 milyon insan yaşayır. Fövqəladə xidmətlər yüksək hazırlıq rejiminə keçirilib, xilasetmə və monitorinq işləri fasiləsiz davam etdirilir. Hakimiyyət orqanları sakinləri hava proqnozlarını izləməyə və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Poliqon.info