AZ

İspaniya şahzadəsi kral ailəsinin ənənəsini pozub

Taxt-tacın varisi Leonor ailə tarixində ilk qadın pilot-şahzadə olub...

Poliqon xəbər verir ki, İspaniya kralı VI Filipin böyük qızı, 20 yaşlı şahzadə Leonor ilk müstəqil uçuşunu həyata keçirərək hərbi hazırlıq proqramının mühüm mərhələsini uğurla başa vurub. Vanity Fair nəşrinin yazdığına görə, bu nailiyyət onu İspaniya monarxiyası tarixində təkbaşına uçuş edən ilk qadın pilot edib.

Məlumata əsasən, İspaniya taxt-tacının varisi hazırda Aeronavtika və Kosmos üzrə Baş Akademiyada intensiv hərbi-aviasiya təlimi keçir. Tədris proqramı nəzəri biliklərlə yanaşı, praktiki uçuş mərhələlərini də əhatə edir və Leonorun ilk solo uçuşu bu hazırlığın əsas mərhələlərindən biri hesab olunur.

Bu hadisə eyni zamanda kral ailəsinin uzun illər formalaşmış ənənələrinin simvolik şəkildə pozulması kimi dəyərləndirilir. Belə ki, indiyədək İspaniya kral ailəsində hərbi aviasiya yalnız kişilərin fəaliyyəti kimi qəbul olunurdu. Leonorun pilot kimi tarixə düşməsi monarxiyada gender rollarına dair yanaşmaların dəyişdiyini göstərən əlamət kimi qiymətləndirilir.

Xəbərdə, həmçinin, Böyük Britaniya kral ailəsi ilə bağlı başqa bir məqam da xatırladılır. Oktyabrın 2-də Uels şahzadəsi Keyt Middlton Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin bazasını ziyarət edib. O, zərif biçimli, boz damalı Bella Freud kostyumunda görüntülənib. Görünüşünü Alexander McQueen markalı boz top, hündürdaban tuflilər, şahzadə Diananın kolleksiyasına aid sapfir və brilliant qaşlı sırğalar, eləcə də Hərbi Hava Qüvvələrinin qanad formasında qızılı broş tamamlayıb.

Səfər çərçivəsində Keyt Middlton yeni tədris mərkəzinə baş çəkib və ona uçuş simulyatorunu sınaqdan keçirmək təklif olunub. Bu addım da kral ailəsinin hərbi aviasiya sahəsinə artan diqqətinin rəmzi kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
51
poliqon.info

1Mənbələr