Tbilisi diplomatik münasibətlər olmasa da, Moskva ilə ticarət-iqtisadi əlaqələri saxlayır...
Poliqon xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətlərdə ölkəsinin aydın və praqmatik siyasət apardığını bəyan edib. O, “Rustavi 2” telekanalına müsahibəsində bildirib ki, diplomatik münasibətlərin olmamasına və ərazi münaqişələrinin davam etməsinə baxmayaraq, Gürcüstan bu məsələdə prinsipial mövqeyini qoruyur. Baş nazirin sözlərinə görə, “işğal mövzusu ilə bağlı qırmızı xətlər mövcuddur” və Abxaziya ilə Cənubi Osetiyanın statusu dəyişmədiyi müddətdə diplomatik münasibətlərin bərpası mümkün deyil.
İrakli Kobaxidze vurğulayıb ki, hazırda Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər mövcud olmasa da, ticarət və iqtisadi əlaqələr saxlanılır. Onun sözlərinə görə, Tbilisinin əsas məqsədi mövcud münaqişələrin dinc yollarla həllinə nail olmaqdır və hökumət bu istiqamətdə balanslaşdırılmış siyasət yürütməyə çalışır.
Xatırladaq ki, Gürcüstan Rusiya ilə diplomatik münasibətləri 2008-ci ilin avqustunda Moskvanın Abxaziya və Cənubi Osetiyanın suverenliyini tanımasından sonra kəsib. Tbilisi bu əraziləri Gürcüstanın işğal olunmuş hissələri hesab edir və bu mövqedən geri çəkilmədiyini dəfələrlə bəyan edib.
Bununla yanaşı, dekabrın 9-da Abxaziya tərəfi Gürcüstanla sərhəddə Rusiyadan tranzit yüklər üçün nəzərdə tutulan yük-gömrük terminalının tikintisinin yaxın vaxtlarda başa çatacağını açıqlayıb. Gürcüstan rəsmiləri isə bildiriblər ki, bu marşrut yalnız Gürcüstan qanunvericiliyinə tam riayət olunacağı halda fəaliyyət göstərə bilər.
Poliqon.info