Ağ Ev rəhbəri “qızıl donanma”nın yaradılacağını və gəmilərin hipersəs, lazer və nüvə potensiallı raketlərlə təchiz olunacağını açıqlayıb...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələri üçün yeni nəsil döyüş gəmilərinin inşası ilə bağlı iddialı planlarını açıqlayıb. O, Floridadakı Mar-a-Laqo iqamətgahında çıxışı zamanı bildirib ki, “qızıl donanma” adlandırılan yeni donanma çərçivəsində inşa ediləcək gəmilər hipersəs raketləri, lazer silah sistemləri və ilk dəfə olaraq dəniz bazalı, nüvə döyüş başlığı daşımaq imkanına malik qanadlı raketlərlə təchiz olunacaq.
ABŞ prezidenti qeyd edib ki, ölkə 1994-cü ildən bəri linkor tipli böyük döyüş gəmiləri inşa etməyib. Onun sözlərinə görə, yeni sinfə aid gəmilər dünyanın ən ölümcül suüstü döyüş platformalarından biri olacaq və ABŞ-nin dənizlərdə hərbi üstünlüyünü uzunmüddətli perspektivdə təmin edəcək.
Fox News-un məlumatına görə, Tramp bu gəmilərin su yerdəyişməsinin 30–40 min ton arasında olacağını bildirib. Planlara əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri ilkin mərhələdə iki belə gəminin alınmasına başlayacaq, daha sonra isə donanmanın mərhələli şəkildə 25 gəmiyədək genişləndirilməsi nəzərdə tutulur. Prezident vurğulayıb ki, ilk iki gəmi iki il ərzində tikilərək istismara verilməlidir.
Donald Tramp yeni döyüş gəmilərinin konkret olaraq Çinə qarşı yönəldildiyi barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, əsas məqsəd “güc yolu ilə sülhün təmin olunmasıdır”. Bununla belə, Fox News qeyd edir ki, ABŞ daxilində donanmanın gələcəyi ilə bağlı ciddi müzakirələr gedir. Bir sıra hərbi ekspertlər müasir müharibə şəraitində böyük və bahalı döyüş gəmilərinin yüksək dərəcədə həssas ola biləcəyini və bu cür platformaların effektivliyinin sual altında olduğunu bildirirlər.
Poliqon.info