AZ

Rejissor: Uşaq teatrı bu gün mühüm yetkinləşmə mərhələsindən keçir

Bakı, 22 dekabr, Günel Alıyeva, AZƏRTAC

Uşaq teatrı bu gün mühüm yetkinləşmə mərhələsindən keçir. Biz tədricən primitiv və nəsihətverici üslubdan imtina edir və aydın şəkildə dərk etməyə başlayırıq ki, uşaq incə hiss etməyi, düşünməyi və empati qurmağı böyüklərdən heç də az bacarmayan bir tamaşaçıdır. Bu yol asan deyil, lakin tamamilə zəruridir.

Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının quruluşçu rejissoru, “Mən aktyoram” uşaq teatr studiyasının bədii rəhbəri Raula Turkkan səsləndirib.

Müsahibimizin sözlərinə görə, uşaq teatrının inkişafında teatrların nəzdində yaradılan studiyalar mühüm rol oynayır. Onun qeyd etdiyinə görə, məhz bu cür studiyalarda uşaqlar təkcə öz bacarıqlarını üzə çıxarmır, özləri və tərəf müqabili ilə işləməyi öyrənmir, eyni zamanda tədricən teatr mədəniyyətinə yiyələnirlər.

“Bu cür studiyalar vasitəsilə, o cümlədən bizim “Mən aktyoram” teatr studiyamız vasitəsilə biz təkcə gələcək aktyorları deyil, teatrın onların daxili dünyasının bir hissəsinə çevrildiyi şüurlu tamaşaçıları yetişdiririk”, – deyə o vurğulayıb.

Rejissor bildirib ki, bu gün uşaqlar üçün teatr yeni, dürüst, müasir və emosional baxımdan dəqiq bir dil axtarışındadır. Teatr studiyaları isə bu dilin canlı və uşaq auditoriyası üçün anlaşılan qalmasına kömək edir.

Ölkədə ümumi vəziyyətdən danışan Raula Turkkan vurğulayıb ki, Azərbaycanda uşaqlar üçün tamaşalar hazırlayan çoxlu teatr var və bu, olduqca dəyərlidir.

“Uşaq auditoriyasına diqqət yetirilir, müxtəlif forma və janrlar yaranır. Bununla yanaşı, uşaqlarla işin getdikcə daha çox sistemli və ardıcıl şəkildə qurulmasını, teatr həyatının və böyüyən nəslin mədəni tərbiyəsinin ayrılmaz hissəsinə çevrilməsini istərdik”, – deyə o bildirib.

Müsahibimizin müşahidələrinə görə, uşaq teatrlarının repertuarı bu gün kifayət qədər müxtəlif və keyfiyyətlidir, gənc auditoriyada maraq doğuran parlaq və obrazlı tamaşalar yaradılır.

Bununla belə, Raula Turkkanın qeyd etdiyi kimi, 10–13 və 14–15 yaş qrupları xüsusi diqqət tələb edir. Bu, uşaqların artıq nağılları geridə qoyduğu, lakin hələ də söhbət, emosiyalar və məna məkanı kimi teatra ehtiyac duyduğu çox mühüm keçid dövrüdür.

“Bu yaş üçün nəzərdə tutulan tamaşalar teatra marağı qorumağa kömək edir və zala təkrar qayıdacaq şüurlu tamaşaçı formalaşdırır”, – deyə Raula Turkkan vurğulayıb.

Teatr studiyasının bədii rəhbəri ayrıca olaraq uşaqların, xüsusilə də beynəlxalq festivallarda iştirak imkanlarının genişləndirilməsinin vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, qastrollar və müxtəlif səhnələrdə çıxışlar gənc aktyorlar üçün böyüklər qədər önəmlidir. Belə ki, bu, təcrübə, ilham, yeni tamaşalarla tanışlıq və teatr dünyagörüşünün genişlənməsidir.

“Biz qastrolların təşkili üçün dəstək almaq istərdik, çünki bu cür imkanlar uşaqlara inkişaf etməyə və incəsənətdə özləri üçün yeni üfüqlər kəşf etməyə kömək edir”, – deyə o əlavə edib.

Seçilən
111
azertag.az

1Mənbələr