İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa İrana yeni mümkün hücum planını təqdim edəcəyini açıqlayıb.
Bu açıqlama onu deməyə əsas verirmi ki, Tel-Əvin Tehrana qarşı yeni müharibəyə başlaya bilər?
Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, İsrail Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqidir:
"Yaxın Şərqdə Ağ Ev bütün planlarını və strategiyasını məhz İsrail üzərində qurur. İsrail hazırda İran ətrafında yaranmış situasiyadan həm narazıdır, həm də narahatdır. Ona görə də ABŞ-ni İrana qarşı növbəti dəfə hərbi əməliyyatlara razı salmağa çalışır. Bu baxımdan ehtimal olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-yə səfəri zamanı ABŞ Prezidenti Donald Trampla İran mövzusu daha geniş şəkildə müzakirə oluna bilər. Hətta İsrail Baş nazirinin Donald Trampla görüşə İrana qarşı hazır savaş planı ilə getdiyi barədə də iddialar mövcuddur. Əgər bütün bunlar doğrudursa, Ağ Evdəki görüşdən sonra Yaxın Şərqdə situasiyanın daha da gərginləşməsi ehtimalı ön plana çıxa bilər".

Onun sözlərinə görə, Ağ Evdən razılıq verilərsə, o zaman İsrail və İran arasında növbəti hərbi toqquşmaların ola biləcəyi tamamilə inandırıcı görünür:
"Bu baxımdan da Yaxın Şərq regionunda növbəti dəfə dağıdıcı hərbi-siyasi situasiyanın yaranma ehtimalı kifayət qədər yüksəkdir. Bu, olduqca təhlükəli bir prosesdir. Əgər Yaxın Şərqdə növbəti dəfə savaş başlayarsa və bu savaşın iştirakçılarından biri də məhz İran olarsa, o zaman situasiyanın nəzarətdən çıxma ehtimalı da gündəmə gələ bilər. Yəni İsrailin İrana qarşı hərbi əməliyyat planı əgər israrla icra edilmək istiqamətinə yönəldilərsə, o zaman həm Yaxın Şərq regionunu, həm də bu regiona bağlı ətraf bölgələri təhdid edə biləcək və qlobal hərbi-siyasi nəticələr doğura biləcək bir situasiyanın yaranması qaçılmaz ola bilər".
Aytəkin TOFİQQIZI