Kalininqradda 26 il əvvəl törədilən üçlü qətl açılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Nənə, ana və nəvəni vəhşicəsinə öldürüb 18 min dolları oğurlayan şəxs saxlanılıb.
Məlumata görə, Kalininqradda üç qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Hüquq-mühafizə orqanları onu düz 26 il idi ki, axtarırdı.
Dəhşətli hadisə 1999-cu ildə baş verib. Mənzildə təqaüdçü qadının, onun qızının və nəvəsinin meyitləri aşkar edilmişdi.
Yaşlı qadın döyülərək öldürülmüş, qızı bağlanaraq boğazı kəsilmişdi. Gənc qızın da bədənində eyni xəsarətlər – boğazının kəsilməsi faktı qeydə alınmışdı.
Cinayət tamah məqsədilə törədilib. Qatil mənzildən 18 000 dollar (təxminən 30 600 manat) məbləğində pul oğurlayıb.
Cinayətkarın hadisə yerində qoyduğu izləri yalnız indi, müasir texnologiyalar sayəsində müəyyən etmək mümkün olub.
İstintaqın versiyasına görə, saxlanılan 48 yaşlı şəxs 1999-cu ildə öldürülən gənc qızla bir yerdə oxuyub.
O, qızın atasının uzaq səfərlər kapitanı olduğunu və evdə külli miqdarda pul saxlandığını bilibmiş.
Xuraman Etibarlı
İnterpress.az