AZ

ABŞ: Çin Monqolustan sərhədinə yaxın ərazilərə raketlər yerləşdirib

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) hazırladığı ilkin hesabatda Çinin Monqolustan sərhədinə yaxın bölgələrdə 100-dən çox qitələrarası ballistik raket yerləşdirdiyi bildirilib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, Pentaqon daha əvvəl sözügedən ərazilərdə raket silolarının mövcudluğunu təsdiqləsə də, orada yerləşdirilən raketlərin dəqiq sayı açıqlanmamışdı. Yeni hesabatda isə Çinin Monqolustan sərhədinə yaxın üç siloda Dongfeng-31 tipli, bərk yanacaqlı qitələrarası ballistik raketlərdən 100-dən çoxunu yerləşdirmiş ola biləcəyi qeyd olunur.

Sənəddə yeni yerləşdirilən raketlərin mümkün hədəfləri barədə məlumat verilməyib. ABŞ rəsmiləri bildiriblər ki, hesabat Konqresə təqdim olunmazdan əvvəl onun məzmununda dəyişikliklər edilə bilər.

Hesabat müəlliflərinin fikrincə, Çinin nüvə döyüş başlıqları ehtiyatı 2024-cü ilə qədər 600 ədədi ötəcək və Pekin 2030-cu ilə qədər bu rəqəmi 1 000-dən yuxarı qaldırmağı planlaşdırır.

Xatırladaq ki, noyabr ayında ABŞ Prezidenti Donald Tramp nüvə silahsızlanmasına hazır olduğunu bəyan edib. Bu təşəbbüs ABŞ, Rusiya və Çin kimi üç əsas nüvə dövlətinin nüvə silahlarının azaldılması ilə bağlı danışıqlara başlamasını nəzərdə tutur. Pekin isə dəfələrlə vurğulayıb ki, nüvə arsenalını minimum səviyyədə saxlamasının yeganə səbəbi milli təhlükəsizliyin təmin olunmasıdır, Vaşinqton və Moskva isə öz nüvə ehtiyatlarını azaltmalıdır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
58
editor.az

1Mənbələr