İlin müxtəlif dövrlərində balıq və digər su bioresurslarının kürüləmə dövrü ilə əlaqədar Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında sənaye balıq ovuna qadağalar qoyulur. Buna səbəb isə balıqların kürüləmə və çoxalma dövründə onlara münbit şəraitin yaradılması və ekologiyaya dəyən ziyanın azaldılmasıdır. Lakin əfsuslar olsun ki, bəzən bu qadağalara məhəl qoymayaraq qanunsuz ov edənlərə də rast gəlinir. Bəs bu cür şəxsləri hansı cəza gözləyir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a vəkil Vamiq Şükürov danışıb:

O, bildirib ki, inzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi bu məsələ ilə bağlı qanunun tələblərini ortaya qoyur:
Məcəllənin 272.3. Balıq və digər su bioresurslarının ovlanması qaydalarının kobud şəkildə pozulmasına — yəni bu fəaliyyətin lazımi icazə olmadan, qadağan edilmiş yerlərdə və ya dövrlərdə, həmçinin qadağan olunmuş alətlər və üsullarla həyata keçirilməsinə, eləcə də ov qaydalarının mütəmadi pozulmasına görə inzibati xətanın törədilməsində istifadə olunmuş alət və ya birbaşa obyekt olmuş əşyalar müsadirə edilməklə və ya müsadirə edilmədən 1.000 manatdan 2.000 manatadək cərimə tətbiqini nəzərdə tutur. Yaxud altı aydan iki ilədək müddətə ov hüququnun məhdudlaşdırılması ilə cəzalandırılır. Bu Məcəllənin 272-ci və 272-1-ci maddələri yalnız həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət məsuliyyəti yaratmadıqda tətbiq edilir”, – deyə vəkil vurğulayıb.