AZ

Bu film Vardanyanın keçmiş karyerini ifşa, gələcəyini məhv etdi - ilk seyrçilər danışır...


Keçən həftə Nizami Kino Mərkəzində “AnewZ” Beynəlxalq Televiziyasının araşdırma seriyasından olan “The Oligarch's Design” sənədli filminin rəsmi nümayişi keçirilib.

Filmin təqdimatından əvvəl çıxış edən “AnewZ” Beynəlxalq Televiziyasının icraçı direktoru Rüfət Həmzəyev sənədli ekran əsəri haqqında məlumat verib. O bildirib ki, bu təkcə sənədli filmin premyerası deyil, həm də “AnewZ Investigations” platformasının rəsmi başlanğıcıdır. Bu sənədli film beynəlxalq araşdırma jurnalistikasının bütün istiqamətlərini özündə ehtiva edən ekran işidir.

Rüfət Həmzəyev diqqətə çatdırıb ki, "The Oligarch’s Design” layihəsinin çəkilişləri bu ilin yanvar ayından etibarən 8 ölkədə həyata keçirilib və istehsal prosesi 10-11 ay davam edib. Filmin hazırlanması prosesinə 100-ə yaxın jurnalist, prodüser, operator, montajçı və tədqiqatçı cəlb olunub. Həmçinin filmin bir sıra epizodları mürəkkəb şəraitdə ərsəyə gətirilib.

Qeyd edilib ki, sənədli filmin əsas bölmələrindən biri Ruben Vardanyanın 2022-ci ildə Rusiya vətəndaşlığından imtina edib bölgəyə köçməsi və tanınmamış separatçı rejimin siyasi müstəvisində fəaliyyətə başlaması prosesinə həsr olunub.

Sənədli filmin R.Vardanyanla bağlı olan hissəsinə baxan tanınmışların bəzilərinin təəssüratlarını öyrəndik.

Sahil Kərimli: “Vardanyanın separatçı portreti çox peşəkarlıqla və dəqiqliklə çızılıb”

Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, “AnewZ” Beynəlxalq Televiziyasının hazırladığı sənədli film çox yüksək peşəkarlıqla və dünya standartları səviyyəsində ərsəyə gətirilmiş bir film idi. “Filmin təqdimatında şəxsən mən də iştirak edirdim. Film ümumilikdə həm məzmununa, həm də peşəkar cəhətlərinə görə tamaşaçıların rəğbətini qazandı. Ümumilikdə filmi peşəkarlığın və obyektiv yanaşmanın təzahürü kimi qiymətləndirə bilərik. Filmdə Ruben Vardanyanın ümumiyyətlə separatçı fəaliyyətini ifşa edən çox böyük təkzibedləməz dəlil və sübutlar əks olunub, burada ekspert rəyləri, beynəlxalq səviyyəli tanınmış şərhçilərin, analitiklərin fikirləri yer alıb.

Burada Vardanyanın separatçı portreti çox peşəkarlıqla və dəqiqliklə çızılıb. Vardanyanın Rusiya dövlət dairələrinə yaxınlığı, bundan istifadə edərək Rusiyada çox böyük biznes quran, bundan başqa Ukraynada, xüsusən də Azərbaycanın suveren ərazisi olan Qarabağda separatçı, terrorçu fəaliyyəti, onun separatizmi, terrorizmi, qanlı toqquşmaları və faciəli müharibələri maliyyələşdirməsi, dəstəkləməsi kimi faktlar yer alıb. Filmdə Vardanyanın Qarabağda qanunsuz fəaliyyət göstərdiyi dövrdə Xankəndidə “Bizim dağlar” adlı cəmiyyət yaratması, bu cəmiyyətin formalaşmasında yaxından iştirak etməsi, çirkli pulların yuyulması, xüsusilə yeniyetmələrin müharibəyə cəlb edilməsi, onlar üçün hərbi təlimlər keçirilməsi kimi təkzibolunmaz dəlillər və sübutlar əks olunub”.

Filmin obyektiv olduğunu deyən S.Kərimli bildirdi ki, burada Vardanyana rəğbət bəsləyənlərin açıqlamaları da vardı, amma ümumildikə onun iç üzü, əsl mahiyyəti, separatçı və terrorçu kimliyi tam açıq-aydın şəkildə ortaya qoyulub. S.Kərimli hesab edir ki, bu sənədli film həm Azərbaycan, həm də beynəlxalq tamaşaçı auditoriyası üçün çox böyük maraq kəsb edən film kimi gələcəkdə də diqqət mərkəzində olacaq.

Rauf Zeyni: “Vardanyan və onun kimilərinin cinayətkar əməlləri ifşa olunub”

Filmi izləyənlərdən biri də müstəqil ekspert Rauf Zeynidir. R.Zeyni qeyd etdi ki, filmin təqdimatında iştirak edib və film haqqında ilk məlumat alıb. “Film 10-11 ay ərzində müxtəlif ölkələrdə çəkilib, 100-dən artıq şəxs bu film üzərində işləyib. Dörd hissədən ibarətdir film.

Son illər Azərbaycanda müxtəlif teleşirkətlərin müəyyən araşdırma filmləri təqdim etdiyinin şahidi olmuşuq. Ancaq səmimi deyim, ilk dəfədir ki, belə bir filmin təqdim edildiyini görürük. Çünki beynəlxalq maliyyə şəbəkəsinin çirkli pulların yuyulması ilə bağlı fəaliyyətindəbilavasitə Ruben Vardanyanın iştirak etdiyi təqdim olunub. Vardanyanın da yaxından iştirak etdiyi “beynəlxalq çirkli pulların yuyulması platforması”nın geniş miqyasda araşdırılması, təhlil edilməsi, bunu araşdıran şəxslərin müsahibələri bu filmi tam olaraq araşdırma filmi olaraq təqdim edir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, çirkli pulların yuyulması, bir çox fəaliyyətlərin həyata keçirilməsi, əlaqəli olaraq terrorçuluq, hərbi müdaxilə, bu və digər hərbi qrupların hazırlanması, bütün bu “humanitar fəaliyyətin” arxasında dayanan cinayətlərin açılması, təhlil olunması baxımından filmi genişmiqyaslı peşəkar bir film kimi qiymətləndirmək olar. Açığını deyim ki, cəmiyyətimizin, dünya ictimaiyyətinin belə araşdırmalara çox böyük ehtiyacı var. Çünki çox zaman insanlar, əhali, bu və digər ölkələrin vətəndaşları təəssüflər olsun ki, belə beynəlxalq cinayət şəbəkələrindən, maliyyə şəbəkələrindən xəbərsiz olurlar. Bu səbəbdən də Ruben Vardanyan və onun kimi şəxslərin əsl simasını görə bilmir, cinayətkar fəaliyyət istiqamətlərindən xəbərsiz olurlar. Düşünürəm ki, beynəlxalq təhlil, Azərbaycan və dünya ictimaiyyətinin məlumatlandırılması baxımından çox yüksək səviyyəli bir filmdir. Bu filmdə Vardanyan və onun kimilərinin cinayətkar əməlləri ifşa olunub. Belə filmlərə çox ehtiyacımız var. Davamlı şəkildə belə filmlər çəkmək lazımdır”.

R.Zeyni hesab edir ki, bu filmin həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyətə obyektiv informasiya almaq baxımından faydası böyükdür.

İradə SARIYEVA

Seçilən
78
baki-xeber.com

1Mənbələr