AZ

NZZ: 2025-ci ildə kriptovalyutalara ümidlər böyük idi, nəticələr isə zəif oldu...

Aşağı gözləntilər fonunda artan qlobal likvidlik bitkoin və digər kriptovalyutalar üçün yeni yüksəliş mərhələsi yarada bilər...

Poliqon xəbər verir ki, İsveçrənin nüfuzlu “Neue Zürcher Zeitung” qəzeti kriptovalyuta bazarındakı son tendensiyaları təhlil edərək bildirir ki, 2025-ci ildə bitkoin və digər rəqəmsal aktivlərlə bağlı gözləntilər son dərəcə yüksək olsa da, ilin nəticələri investorları məyus edib. Lakin nəşrin qənaətinə görə, 2026-cı ildə vəziyyət tam əksinə ola bilər.

Qəzet yazır ki, 2026-cı ildə blokçeyn texnologiyaları böyük ehtimalla qlobal maliyyə sistemində möhkəm və institusional yer tutacaq. Maraqlıdır ki, bazarda əvvəlki illərdə müşahidə olunan güclü ajiotajın səngiməsi kriptovalyutaların məzənnələrinə mənfi təsir göstərməyib, əksinə, onların daha dayanıqlı əsaslar üzərində formalaşmasına şərait yaradıb.

Xatırladılır ki, ötən il nikbin proqnozlar təkcə kriptovalyuta sənayesinin özündən deyil, həm də ənənəvi banklardan və analitik şirkətlərdən səslənirdi. Bir sıra hesabatlarda bitkoin üçün 150 min dollardan 250 min dollara qədər hədəf qiymətlər real ssenari kimi təqdim olunurdu.

Həddindən artıq gözləntilərin əsas səbəblərindən biri ABŞ-də Donald Trampın seçkilərdə qələbəsi və onun kriptovalyutalara müsbət yanaşan siyasi gündəliyi olub. Bu amil bazarda yeni dövrün başlayacağına dair güclü ümidlər formalaşdırmışdı.

Hazırda isə bazar əhval-ruhiyyəsi xeyli tutqun qiymətləndirilir. NZZ yazır ki, bunu kriptovalyuta bazarındakı əhval-ruhiyyəni ölçən əsas göstəricilərdən biri — Coinmarketcap kimi məlumat provayderlərinin təqdim etdiyi “qorxu və tamah” indeksi də təsdiqləyir. Tam ümidsizliyi ifadə edən 1-dən tutmuş yüksək eyforiyanı göstərən 100-ə qədər olan şkalada indeks hazırda cəmi 22 səviyyəsindədir.

Qəzetin qənaətinə görə, məhz bu aşağı gözləntilər bitkoinin növbəti il üçün məzənnəsi baxımından əslində müsbət əlamətdir. Çünki bir il əvvəl 2025-ci il üçün irəli sürülmüş eyforik proqnozları əsaslandıran bir çox müsbət faktorlar müəyyən gecikmə ilə də olsa, reallaşmağa başlayır. Onların başında isə qlobal likvidliyin artması dayanır ki, bu da bitkoin və digər kriptovalyutalar üçün ən güclü “yanacaq” hesab olunur.

NZZ sonda vurğulayır ki, hazırda ən cəsarətli proqnozlar artıq təkcə bitkoinlə bağlı deyil, daha çox alternativ kriptovalyutalara yönəlib və bazarda yeni liderlərin meydana çıxması ehtimalı getdikcə güclənir.

Poliqon.info

Seçilən
40
poliqon.info

1Mənbələr