AZ

ADPU tələbələri Naxçıvanda “Plastik reinkarnasiyası: ikinci həyat” mövzusunda seminar keçiblər

Bakı, 22 dekabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin IV kurs tələbələri Fatimə Abdullayeva və Gülay İmanzadənin müəllifləri olduqları “Plastik reinkarnasiyası: ikinci həyat” layihəsinin təqdimatı və ekoloji maarifləndirmə seminarı təşkil olunub.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, layihə plastik tullantıların ətraf mühitə mənfi təsirlərinin azaldılması, onların alternativ və ekoloji cəhətdən təhlükəsiz materiallarla əvəz olunması, eləcə də tullantılara “ikinci həyat” qazandırılması ideyasına əsaslanır.

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbəri Şövqi Əliyev çıxış edərək, plastik tullantı probleminin qlobal və lokal miqyasda aktuallığından danışıb, bu sahədə maarifləndirmə tədbirlərinin, xüsusilə gənclərin təşəbbüslərinin ekoloji tarazlığın qorunmasında mühüm rol oynadığını vurğulayıb. Aparat rəhbəri nazirlik tərəfindən ekoloji tarazlığın qorunması və dayanıqlı inkişaf istiqamətində görülən işlər barədə də məlumat verib.

Seminarda Fatimə Abdullayeva və Gülay İmanzadə apardıqları elmi-tədqiqat işlərinin nəticələrini təqdim ediblər. Təqdimatda bioloji parçalana bilən plastiklərin — nişasta, süd mənşəli kazein, jelatin və digər təbii maddələr əsasında hazırlanmış bioplastik nümunələrinin istehsal mərhələləri ətraflı izah edilib. Qeyd olunub ki, bu materiallar torpaq və təbii mühitdə mikroorqanizmlərin təsiri ilə parçalanaraq ətraf mühitə zərər vermir və ənənəvi plastiklərə ekoloji alternativ kimi çıxış edir. Layihə müəllifləri, həmçinin bioplastiklərin ekoloji üstünlükləri, plastik tullantıların su hövzələrinə, torpağa və canlı aləminə vurduğu zərərlər, eləcə də bu sahədə beynəlxalq təcrübələr barədə geniş məlumat veriblər. Vurğulanıb ki, bioplastiklərin tətbiqi tullantıların həcminin azaldılmasına və “Yaşıl dünya” naminə dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.

Seminardan sonra Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev Fatimə Abdullayeva və Gülay İmanzadə ilə görüşüb. Görüş zamanı layihənin elmi, praktiki və ekoloji əhəmiyyəti müzakirə olunub, gənclərin bu kimi təşəbbüslərinin gələcəkdə də dəstəklənməsinin vacibliyi qeyd edilib. Nazir bu cür elmi əsaslı və praktik yönümlü təşəbbüslərin yalnız nəzəri baxımdan deyil, həm də gələcəkdə istehsal, məişət və sənaye sahələrində tətbiq imkanlarının araşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Xanlar Mustafayev ekoloji maarifləndirmə tədbirlərinin davamlı xarakter almasının, innovativ ideyaların dəstəklənməsinin və onların praktik tətbiq imkanlarının araşdırılmasının nazirlik tərəfindən daim diqqət mərkəzində saxlanıldığını qeyd edib.

Sonda Fatimə Abdullayeva və Gülay İmanzadə ekoloji maarifləndirmə sahəsində göstərdikləri fəallığa və təqdim etdikləri innovativ layihəyə görə nazirlik tərəfindən sertifikatla təltif olunublar.

Seçilən
28
azertag.az

1Mənbələr