AZ

Vüqar Ağayev: Amnistiya aktı probasiya nəzarətində olan 10 mindən çox şəxsi əhatə edəcək

Bakı, 22 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin Qərarı Azərbaycan Respublikasının dövlətçilik ənənələrinə, konstitusion dəyərlərinə və milli suverenliyinə sadiqliyin parlaq təcəssümü olmaqla, humanizm və ədalətin bariz nümunəsidir. Bu, müstəqil Azərbaycan tarixində ən geniş amnistiya aktıdır və ölkəmizin bütün suveren ərazisində tətbiq olunur.

AZƏRTAC xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev Bakı Şəhər Probasiya İdarəsində amnistiya aktının icrası ilə bağlı keçirilən tədbirdə deyib.

Vüqar Ağayev qeyd edib ki, amnistiya aktı probasiya nəzarətində olan 10 mindən çox şəxsi əhatə edəcək: “Həmin qərarla 7 mindən çox şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir. Eyni zamanda, həmin aktla ictimai və islah işləri, cərimə cəzasından azad olunan və şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəzanın çəkilməsi təxirə salınmış şəxslərin sayının 3 mindən çox olacağı gözlənilir. Xüsusi vurğulamaq lazımdır ki, hazırkı amnistiya aktı azadlığın məhdudlaşdırılması cəzasının azaldılmasını deyil, bütövlükdə həmin cəzadan tamamilə azad olunmanı nəzərdə tutur ki, bu da icra məmurunun prokurorluqla razılaşdırılmış qərarına əsasən icra ediləcək. Cəzadan azad olunan şəxslər, əsasən, şəxsiyyət, mülkiyyət, ictimai təhlükəsizlik əleyhinə və digər hüquqazidd əməllər törətmiş şəxslərdir. Bunlara sağlamlığa yüngül və ya az ağır zərərvurma, oğurluq, dələduzluq, xuliqanlıq, yol hərəkəti qaydalarını pozma və digər cinayətləri aid etmək olar. Hazırda amnistiya aktının icrasına bütün qurumlar tam səfərbər olunmaqla, şəffaflıq və aşkarlıq prinsipləri əsasında icra prosesini təmin edirlər”, - deyə Probasiya xidmətinin rəisi bildirib.

 

Seçilən
60
azertag.az

1Mənbələr