AZ

Ekspert: Narkotik asılılığı ilə bağlı maarifləndirmə tədbirlərində risk qruplarının dili, düşüncə tərzi nəzərə alınmalıdır

Bakı, 22 dekabr, AZƏRTAC

Narkotik asılılığı ilə bağlı maarifləndirmə proqramlarında hansı əsas boşluqlar var?

Mütəxəssislərin fikrincə, problemin əsas səbəbi maarifləndirmə tədbirlərinin real risk qruplarına uyğun şəkildə qurulmamasıdır.

AZƏRTAC-ın sorğusunu cavablandıran narkomaniya üzrə ekspert Emil Maqalov bildirib ki, mövcud proqramların əksəriyyəti hədəf auditoriyanın psixoloji, sosial və mədəni xüsusiyyətlərini nəzərə almır. Onun sözlərinə görə, əsas boşluq məlumatın həmin kontingentə onların anlayacağı dildə və formada çatdırılmamasıdır. “Maarifləndirmə hər kəs üçün eyni üsulla aparıla bilməz. Risk qrupları ilə işləyərkən onların dili, düşüncə tərzi və yaşadıqları mühit nəzərə alınmalıdır”, – deyə ekspert vurğulayıb.

Emil Maqalov qeyd edib ki, təlim və seminarların əksəriyyəti birbaşa ehtiyac olan qruplara deyil, ümumi auditoriyaya yönəldilir və bu da effektivliyi azaldır. Onun fikrincə, maarifləndirmə tədbirləri konkret olaraq risk altında olan gənclər, sosial cəhətdən həssas qruplar və artıq asılılıq riski daşıyan şəxslər üçün təşkil edilməlidir. “Təlimlər düzgün istiqamətdə getmir. Təəssüf ki, onların təxminən 80 faizi formal xarakter daşıyır”, – deyə ekspert əlavə edib.

Seçilən
90
azertag.az

1Mənbələr