AZ

“Endirim kampaniyaları biznes qurumlarının istehlakçını aldatma jestidir”

Bir çox mağazalarda artıq yeni il kampaniyalarına start verilib. Mağazalar 50-60-70 faiz olaraq endirimlər təqdim edir. Buna baxmayaraq vətəndaşlar endirim qiymət cədvəllərinin bir çoxunun altında köhnə qiymətlərin qeyd olunduğunu, endirimli geyimlərin isə dəyişdirməyə icazə verilmədiyini qeyd edirlər.

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, endirim kampaniyaları hər hansı xüsusi qanunla tənzimlənmir:

 

“Bu əsasən şirkətlərin öz qərarlarından asılıdır. Bu cür kampaniyalar yalnız rəqabətli mühitdə daha işlək və keçərli olur. Eyni məhsulu satan və ya eyni xidməti göstərən onlarla şirkət mövcud olduqda, onlar müştəri cəlb etmək üçün endirim kampaniyalarına üstünlük verirlər. Bu baxımdan, bazarda rəqabətli mühitin güclənməsi vacibdir”.

 

Pravda.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, mağazalarda böyük hərflərlə yazılan “70 faiz” və bu kimi endirim elanlarının əsas məqsədi istehlakçıları mağazaya cəlb etməkdir.

 

Onun sözlərinə görə, problemlər məhz bundan sonra başlayır: “İstehlakçı mağazaya daxil olaraq məhsul seçir, lakin sonradan ona bildirilir ki, həmin məhsul endirimə aid deyil. Bəzi hallarda isə istehlakçı endirimlə aldığı malın tələbatına uyğun olmadığını görsə də, onu dəyişdirmək və ya geri qaytarmaq mümkün olmur. Mağazalar endirimli geyimlərin dəyişdirilməsinin və ya qaytarılmasının mümkün olmadığını iddia edirlər ki, bu da qanunvericiliyə ziddir. Endirimlə alınan mallar da dəyişdirilə və ya qaytarıla bilər. Bunun üçün istehlakçı kassa çekini saxlamalı və 14 gün müddətində müraciət etməlidir. Bu cür hallar istehlakçı hüquqlarının pozulmasıdır. Belə hallarda biz dövlət orqanları qarşısında məsələlər qaldırırıq, ancaq deyirlər ki,  bu marketinq siyasətidir. Belə çıxır ki, marketinq siyasəti istehlakçının aldadılmasına yönəlib. Təəssüf ki, xüsusilə bayram ərəfələrində endirim kampaniyaları zamanı istehlakçıların kütləvi şəkildə aldadılması halları baş verir. Bu, biznes qurumlarının istehlakçını aldatma jestidir”.

 

E.Hüseynov onu da əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən, malların üzərində maddi məsul şəxsin imzası olan rəsmi qiymət sənədi olmalıdır: “İstehlakçının malın əvvəlki və sonrakı qiymət sənədləri ilə tanış olmaq hüququ var. Lakin hazırda ölkədə satış şəbəkələrində olan malların təxminən 80 faizinin heç bir rəsmi sənədi yoxdur və bu da istehlakçıları öz hüquqlarından məhrum edir. Bütün bu məsələlər qaydaya salınmalıdır. Əks halda, bu fonda istehlakçı hüquqlarının pozulması davam edəcək”.

 

Şəhanə Quliyeva

Tarix: 22 Dekabr 2025, 16:37   
Seçilən
43
pravda.az

1Mənbələr