Bakı, 22 dekabr, AZƏRTAC
Hər bir dövlətin öz qanunlarını qorumaq, konstitusion quruluşu mühafizə etmək hüququ var. Bu hüquqlar beynəlxalq səviyyədə qəbul olunan, qanun və normativ aktlarda təsbit olunub. Ölkənin ictimai-siyasi quruluşunu kənar müdaxilələrdən qorumaq dövlətin suveren hüququdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Avropa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə beynəlxalq hüquq normalarına ziddir.
“Bu qurumun qətnaməsindən belə qənaətə gəlmək olar ki, dövlətlər terrorçuluğa, cinayətkarlığa, separatçılığa qarşı mübarizə aparmamalı, vətəndaşların hüquq və azadlıqlarını qorumamalıdır. Qəbul edilən qətnamədən bəlli olur ki, Azərbaycana təzyiq edib ondan güzəştlər qoparmağa, balanslı xarici siyasətini dəyişməyə, milli maraqların müdafiə olunmamasına cəhd edirlər. İnsan hüquq və azadlıqları artıq çoxdandır ki, Avropanın dəyərlər sistemindən çıxaraq bu və ya digər ölkəyə təzyiq etmə sisteminə çevrilib. Ölkəmizin təbii sərvətləri, inkişafı, dünya siyasətindəki nüfuzlu mövqeyi bir sıra beynəlxalq qüvvələri narahat edir. Bu narahatlıq 44 günlük Vətən müharibəsindən sonra özünü daha qabarıq formada göstərir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əvəzsiz rol oynayır və 14 dövlət enerji təminatını Azərbaycanın təbii qazı hesabına təmin edir. Buna baxmayaraq Avropa parlamentinin qətnaməsi onun ziddiyətli siyasət yürütdüyünü göstərir”, - deyə deputat əlavə edib.
Aydın Hüseynov əlavə edib ki, Avropa siyasətinin ikili standartları nəticəsində Ukraynaya qarşı da birmənalı mövqe ortaya qoyulmayıb: “Bir sıra dövlətlər hərbi və maliyyə yardımın davam etməsini, digərləri isə işğala məruz qalan tərəfin güzəştə getməsini tələb edirlər və yardımların dayandırılmasını istəyirlər. Lakin hərbi əməliyyatlardan əvvəl mövqelər tamamilə başqa mətləblərdən xəbər verirdi. Heç bir qətnamə və qərar Azərbaycan dövlətini tutduğu inkişaf yolundan döndərə bilməz. Bu gün Azərbaycan regionda sülhə, əmin-amanlığa, iqtisadi inteqrasiyaya can atır, bunun üçün beynəlxalq əhəmiyyət daşıyan layihələrə müəlliflik edir, onların reallaşmasına çalışır. Belə bir məqamda ölkəmizə qarşı qeyri-hüquqi mövqe nümayiş etdirmək regionda neqativ maraq güdənlərin siyasi xətti ola bilər. Lakin qeyd etdiyim kimi, Azərbaycan iqtisadi inkişaf və sülh yolundan dönməyəcək”.