AZ

Bəzi gənclər biznesdə niyə uğur qazana bilmir? - AÇIQLAMA

Gənclər arasında biznes qurmağa maraq ildən-ilə artsa da, uğursuzluqların əsas səbəbi çox vaxt maliyyə çatışmazlığı və ya idarəetmə bacarıqlarından deyil, praktiki təcrübənin olmamasından qaynaqlanır. Uğurlu biznesin təməli ideyadan əvvəl formalaşan bilik, vərdiş və real iş mühitində qazanılan təcrübədir.

Bu barədə biznes eksperti İlkin Mirzəzadə Missiya.Az-a danışıb.

"Gənclərin biznesə başlama prosesində ən çox qarşılaşdığı çətinlik maliyyə və idarəetmədən daha çox təcrübə məsələsidir. Bu səbəbdən hər kəsə tövsiyə olunur ki, biznesə başlamazdan əvvəl mütləq şəkildə təcrübə toplasınlar, korporativ mühitdə çalışsınlar və iş proseslərini yaxından öyrənsinlər. Ən azı iki il işləmək, real iş mühitində qərarların necə verildiyini, proseslərin necə idarə olunduğunu anlamaq baxımından olduqca vacibdir. Bu müddət ərzində gənclər yalnız texniki bacarıqlar deyil, eyni zamanda insanlarla işləməyi, komandadaxili münasibətləri və müştəri ilə ünsiyyəti də öyrənməlidirlər. Xüsusilə kiçik bizneslərdə çalışmağın üstünlüyü ondadır ki, insan proseslərin demək olar ki, bütün mərhələlərində iştirak edir və biznesin necə işlədiyini daha dərindən anlayır",-İlkin Mirzəzadə bildirib.

Ekspertin sözlərinə görə, böyük şirkətlərdə və korporativ strukturlarda işləmək nizam-intizam, sistem və peşəkar mühit baxımından faydalıdır. Lakin kiçik bizneslərdə çalışmağın verdiyi çoxşaxəli təcrübə insanı daha çevik düşünməyə və daha sürətli inkişaf etməyə imkan verir.

Sonrakı mərhələdə, təbii ki, maliyyə və idarəetmə ilə bağlı çətinliklər ortaya çıxır. Bu, biznesin təbii prosesidir. Burada əsas üstünlük yenə də təcrübəyə sahib olan şəxslərin tərəfində olur.

"Startap qurmaq istəyənlər üçün dövlət və özəl sektor tərəfindən müxtəlif təşviq və dəstək mexanizmləri mövcuddur. Lakin tövsiyə olunur ki, ilk mərhələdə startap öz imkanları hesabına formalaşdırılsın, konkret bir məhsul və ya xidmət ortaya qoyulsun. Daha sonra isə maliyyə və institusional dəstək axtarışına keçmək daha məqsədəuyğundur. Eyni zamanda, biznesin inkişafında xarici bazarlara çıxış perspektivi də diqqət mərkəzində saxlanılmalıdır. Yeni biznes qurmaq istəyən şəxslər mütləq şəkildə fəaliyyət göstərəcəkləri sahə üzrə ətraflı araşdırma aparmalı, riskləri düzgün qiymətləndirməlidirlər. Biznes üçün yalnız maddi kapital deyil, beyin kapitalı da vacibdir. Aydın məqsədlər, yazılı planlar və konkret strategiya olmadan uğur qazanmaq mümkün deyil. Biznes plansızlığı sevmir. Yazılmayan, ölçülməyən və planlaşdırılmayan işlər uzunömürlü olmur. Biznes emosiyalarla deyil, rasional qərarlarla idarə olunur və bu prinsipə ciddi şəkildə əməl etmək uğurun əsas şərtlərindən biridir",-İ.Mirzəzadə əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr