Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanın Ərəb yarımadasında yerləşən bir sıra ölkələrlə, o cümlədən Körfəz ölkələri ilə münasibətlərinin dərinləşməsi müşahidə olunur. Bu kontekstdə son dövrlər Azərbaycan Respublikası ilə Oman Sultanlığı arasında münasibətlərin inkişafı xüsusi diqqət çəkir. Bu da təbii ki, ölkələr arasında siyasi-iqtisadi münasibətlərin inkişaf etməsi ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə Oman arasında bir sıra sahələrdə əməkdaşlığın daha da gücləndirilmə potensialı var.
“Əvvəla, yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirilməsi realdır və bu istiqamətdə danışıqlar gedir. Bu da ölkələrin bərpaolunan enerjiyə investisiya yönəltməsinə daha çox imkan yarada bilər. Eyni zamanda, nəqliyyat və logistika son dövrlər ölkələr arasında ən çox müzakirə olunan və əməkdaşlıq sferasının genişləndirildiyi istiqamətlərdəndir. Xüsusən də beynəlxalq yükdaşımalar bu gün əksər ölkələrdə dövlət gəlirlərinin formalaşmasında payını artırmaqdadır. Ona görə də, Omanla Azərbaycan arasında beynəlxalq yükdaşımalar, nəqliyyat və logistika sahəsində əməkdaşlıq baxımından böyük potensial var. Bu da ölkələrin məhz bu istiqamətdə əməkdaşlıqdan faydalanmasına və daha çox gəlir əldə etməsinə gətirib çıxara bilər”, - deyə o qeyd edib.
V.Bayramov əlavə edib ki, eyni zamanda, Azərbaycan bir sıra qeyri-neft məhsullarını Omana ixrac etmək imkanına malikdir: “Xüsusən də kənd təsərrüfatı və ərzaq məhsullarının Oman bazarına daha çox çıxarılması və bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi mümkündür. Bu da təbii ki, Azərbaycana bir tərəfdən qeyri-neft ixracının artmasına, digər tərəfdən isə Azərbaycanın qeyri-neft ixrac coğrafiyasının daha da genişlənməsinə səbəb ola bilər”.
Qeyd edək ki, dekabrın 18-də Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşərək iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanlarını nəzərdən keçirib. Görüşdə bərpaolunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.