AZ

Dövlət dəstəyi ilə arzudan peşəyə uzanan yol – Ağsudan reportaj

Ağsu, 22 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Bəzən bir qadının taleyində kiçik fürsət böyük yolun başlanğıcına çevrilir. Ailəsinə dayaq olmaq, sevdiyi işi gerçəyə çevirmək və öz ayaqları üzərində dayanmaq arzusu ilə atılan addımlar dövlətin verdiyi dəstəklə daha inamlı və dayanıqlı olur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi özünüməşğulluq proqramı məhz bu cür həyat hekayələrinin reallaşmasına imkan yaradır.

Özünüməşğulluq proqramı kiçik biznesə başlamaq istəyi, bacarığı və potensialı olan əmək qabiliyyətli, eləcə də məhdud əmək qabiliyyətli şəxslərin dövlət dəstəyi ilə öz ailə təsərrüfatlarını və ya kiçik sahibkarlıq fəaliyyətlərini qurmasına şərait yaradır. Proqram çərçivəsində istehsal və xidmət sahələri üzrə yüzlərlə vətəndaş lazımi avadanlıqlarla təmin edilərək dayanıqlı gəlir mənbəyi əldə edib.

Proqramdan yararlanan və bu gün də fəaliyyətini davam etdirən vətəndaşlardan biri də Ağsu rayon sakini, üç uşaq anası Minirə Mehdiyevadır. AZƏRTAC-ın bölgə müxbiri Ağsu şəhərində fəaliyyət göstərən qadın gözəllik salonunda çalışan Minirə Mehdiyeva ilə elə iş başında həmsöhbət olub. Deyir ki, ali təhsil almaq imkanı olmasa da, bacarıq və istedadını üzə çıxarmaq, sevdiyi işlə məşğul olmaq və ailə büdcəsinə maddi dəstək vermək üçün bu sahəni seçib. “Başlanğıcda işimi qurmaq üçün müxtəlif avadanlıqlara, alətlərə və ləvazimatlara ehtiyacım var idi. Maddi imkanım isə buna yol vermirdi. Çıxış yolu axtararkən Dövlət Məşğulluq Agentliyinə müraciət etdim”, – deyə Minirə xanım o günləri xatırlayır.

Özünüməşğulluq proqramı çərçivəsində Minirə xanım manikür masası, güzgülü mebel dəsti, manikür dəsti, sterilizasiya aparatı, tatuaj aparatı, saç kəsmə maşını, ütü fen, saç qurutma feni, çanaqlı və üz-qaş kresloları, elektrikli su qızdırıcı, yumşaq stullar və kondisioner ilə təmin edilib. Bu avadanlıqlar onun işini qurmaq və müştərilərə keyfiyyətli xidmət göstərmək üçün böyük dəstək olub.

Bildirir ki, qazanc əldə etdikcə salonunu daha da təkmilləşdirib, bəzi avadanlıqları yeniləyib, alətlərin sayını artırıb: “Bu gün qazandığım nəticənin təməlində dövlətin verdiyi ilk dəstək dayanır. Əgər o başlanğıc olmasaydı, indiki mərhələyə gəlib çatmaq çox çətin olardı”.

Minirə Mehdiyeva özünüməşğulluq proqramını xüsusilə qadınlar üçün böyük fürsət kimi qiymətləndirir. Onun sözlərinə görə, bu proqram insanın sevdiyi işi peşəyə çevirməsinə real imkan yaradır: “Bu proqram həqiqətən də çox lazımlıdır. Bir çox insan oxuyur, müəyyən sənədlər əldə edir, amma oxuduğu sahədə işləyə bilmir. Burada isə insan sevdiyi, bacardığı işi peşəyə çevirir. Mən qadınlarımıza, xüsusən də gənc qızlarımıza bu proqramdan yararlanmağı tövsiyə edərdim. Peşman olmayacaqlar”.

Hazırda Minirə Mehdiyeva Ağsu şəhərində icarəyə götürdüyü məkanda fəaliyyət göstərir. O bildirir ki, bu gün çalışdığı qadın gözəllik salonu onun üçün mühüm təcrübə məktəbidir. Gələcək planları isə daha genişdir. Minirə xanım qarşısına özünün şəxsi qadın gözəllik salonunu yaratmaq məqsədini qoyub. Deyir ki, zamanla topladığı təcrübə, formalaşdırdığı müştəri bazası və işinə olan sevgisi bu arzunu reallaşdırmaq üçün ona inam verir. İnanır ki, ardıcıl zəhmət və düzgün planlama ilə bu məqsədinə nail olacaq, fəaliyyətini genişləndirərək həm ailə büdcəsinə daha böyük töhfə verəcək, həm də yeni iş yerlərinin yaranmasına şərait yaradacaq.

Minirə Mehdiyevanın daimi müştərilərindən olan Tünzalə Əliyeva da dövlətin özünüməşğulluq proqramı çərçivəsində göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Onun sözlərinə görə, bu cür təşəbbüslər təkcə ehtiyacı olan şəxslərə deyil, bütövlükdə cəmiyyətə fayda verir.

Tünzalə Əliyeva bildirir ki, dövlətin dəstəyi ilə yaradılan imkanlar xidmət keyfiyyətinə də birbaşa təsir göstərir: “Ustanın bacarığı və əl işi nə qədər yüksək olsa da, əgər müasir avadanlıq, uyğun şərait və geniş məkan yoxdursa, bu bacarıq tam şəkildə ortaya çıxmır. Bu, təkcə gözəllik sahəsində deyil, bütün xidmət sahələrində belədir”.

Onun fikrincə, müasir dövrdə müştərilər xidmət göstərilən məkanın şəraitinə də xüsusi önəm verirlər: “Biz artıq təkcə ustanın əl işinə baxmırıq. Gəldiyimiz yerin səliqəsinə, genişliyinə, rahatlığına, avadanlıqlarına diqqət yetiririk. Bütün bunlar bizi həmin məkana cəlb edən əsas amillərdir”.

Tünzalə Əliyeva hesab edir ki, dövlətin ehtiyacı olan insanlara göstərdiyi dəstək zəncirvari müsbət təsir yaradır: “Bu cür proqramlar təkcə sahibkarı sevindirmir. Müştəri də məmnun qalır, cəmiyyət də qazanır. Ehtiyacı olan insan öz ayaqları üzərində dayanır, xidmət keyfiyyəti yüksəlir və nəticədə hər kəs bu dəstəklərdən faydalanır”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən önəmli aktiv məşğulluq istiqamətlərindən biri özünüməşğulluq proqramıdır. Özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər (işsizlikdən sığorta ödənişi alan işsiz şəxslər istisna olunmaqla), eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Müraciət üçün Regional Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə yaxınlaşmaq tələb olunur. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq), istehsal və xidmət istiqamətləri üzrə natura şəklində aktivlər təqdim edilir. Xatırladaq ki, proqramın icrasına 2017-ci ildən başlanılıb və artıq 112 mindən çox şəxsin proqrama cəlbi həyata keçirilib.

 

Seçilən
60
azertag.az

1Mənbələr