AZ

Ekspert: MTK-ların təqdim etdiyi müqavilələrin qeyri-dəqiq olması alıcıların hüquqlarını tam qorumur

Bakı, 22 dekabr, AZƏRTAC

Bakı şəhərində Mənzil Tikinti Kooperativləri (MTK) ilə mənzil alıcıları arasında bəzən bir sıra problemlər yaranır. Bu problemlərdən ən əsası alqı-satqı müqavilələri ilə bağlıdır.

Bu barədə AZƏRTAC-a açıqlaması zamanı tikinti üzrə ekspert Anar Qurbanov deyib.

Onun sözlərinə görə, müqavilələr adətən çox qısa, qeyri-dəqiq olur, alıcının ödədiyi pulu nəyə xərclədiyi açıq göstərilmir, satıcının öhdəlikləri ilə bağlı müəyyən problemlər ortaya çıxır.

“Buna görə də alıcı öz hüquqlarını qorumaqda çətinlik çəkir. Araşdırmalara görə, Bakıda mənzil alanların təxminən üçdə ikisi aldıqları evin faktiki sahəsinin müqavilədə göstəriləndən az olduğunu bildirir. Bundan başqa, “divar altı sahələr” kimi əlavə sahələrin satılması da tez-tez hüquqi mübahisələrə səbəb olur”, - deyə ekspert vurğulayıb.

Dünya təcrübəsinə istinad edən iqtisadçı bildirib ki, adətən mənzil alqı-satqısı müqavilələri daha ətraflı hazırlanır və 20–25 səhifə olur: “Belə müqavilələrdə mənzilin sahəsi, ümumi istifadə sahələri, təhlükəsizlik və evakuasiya zonaları, avtodayanacaq və əlavə infrastruktur üçün nə qədər vəsait ödədiyi dəqiq yazılır. Bunlar şəffaflığı təmin edir, mübahisələrin qarşısını alır, həm alıcının hüquqlarını qoruyur, həm də tikinti şirkətlərinin məsuliyyətini artırır. Azərbaycanda isə müqavilələrin qısa və qeyri-dəqiq olması alıcıların hüquqlarının tam qorunmamasına və problemlərin yaranmasına səbəb olur. Bu səbəbdən dövlət qurumları tərəfindən standart müqavilə formalarının hazırlanması və MTK-ların yalnız bu müqavilələrdən istifadə etməsi məqsədəuyğun olardı. Bu addım alıcıların hüquqlarını qoruyar və tikinti sektorunda daha şəffaf və ədalətli rəqabət mühit yaradardı”.

Seçilən
62
azertag.az

1Mənbələr