Bakı, 22 dekabr, AZƏRTAC
Müttəfiq münasibətlərinə baxmayaraq, ABŞ və İsrail müxtəlif məsələlərdə ciddi fikir ayrılıqları ilə üzləşəcək.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vens bu fikri Böyük Britaniyanın “UnHerd” portalına müsahibəsində deyib. “İsrailin vacib müttəfiq olduğuna və müəyyən sahələrdə mütləq əməkdaşlıq edəcəyimizə inanıram. Lakin yəhudi dövləti ilə çox əhəmiyyətli fikir ayrılıqlarımız da olacaq və bu, normaldır”, - deyə Cey Di Vens bildirib. Onun sözlərinə görə, Vaşinqtonun İsraillə münasibətlərdə manevr imkanlarını qoruması və müəyyən anlarda onun xarici siyasətindən uzaqlaşması vacibdir.
Xatırladaq ki, HƏMAS hərəkatı və İsrail oktyabrın 9-da Türkiyə, Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə Prezident Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsi üzrə razılığa gəliblər. Növbəti gün Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib. Razılaşmaya uyğun olaraq, İsrail Qəzzanın 50 faizdən çoxuna nəzarəti əlində saxlayaraq qoşunlarını “Sarı Xətt” adlanan yerədək geri çəkib. Oktyabrın 13-də HƏMAS sağ qalan 20 israilli əsiri azad edib.
“Axios” portalının məlumatına görə, Donald Tramp dekabrın 25-dək Qəzza sülh sazişinin ikinci mərhələsinin başladığını elan etmək istəyir. Sazişin ikinci mərhələsi Qəzzadan İsrail qoşunlarının tamamilə çıxarılmasını, beynəlxalq sabitlik qüvvələrinin yerləşdirilməsini və sektorda idarəetmə strukturlarının fəaliyyətə başlamasını nəzərdə tutur.