Mayamidə ABŞ və Rusiya arasında aparılan məsləhətləşmələrin nəticəsi olaraq Ukrayna üzrə danışıqlarda irəliləyiş qeydə alınıb.
APA xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Ceyms Vens “UnHerd” nəşrinə müsahibəsində deyib.
Vensin sözlərinə görə, amerikalı danışıqlarçılar ona Rusiya tərəfi ilə aparılan dialoq barədə yenilənmiş məlumat veriblər.
“Bu gün səhər danışıqlarçılarımızdan yenilənmiş məlumat aldım. Mənim fikrimcə, əldə etdiyimiz irəliləyiş ondan ibarətdir ki, bütün məsələlər əslində açıq müzakirəyə çıxarılıb”, – o bildirib.
Vens qeyd edib ki, danışıqların əsas problemi ərazilər məsələsi olaraq qalır, xüsusilə də Donetsk vilayəti.
“Mən hesab edirəm ki, ruslar həqiqətən Donetsk üzərində ərazi nəzarəti əldə etmək istəyirlər. Ukraynalılar isə bunu ciddi təhlükəsizlik problemi hesab edirlər, hətta şəxsi şəkildə qəbul edirlər ki, nəticədə Donetski itirə bilərlər – amma bilirsiniz, bu, 12 ay sonra və ya daha sonra baş verə bilər. Ona görə də bu ərazi güzəşti danışıqlarda ciddi gecikmə yaradır – mən bunu dəhşətli ərazi güzəşti adlandırardım”, – ABŞ vitse-prezidenti əlavə edib.