Bakı, 22 dekabr, AZƏRTAC
Prezident İlham Əliyev tərəfindən irəli sürülən amnistiya təşəbbüsünün Milli Məclis tərəfindən qəbul edilməsi ümumilikdə dövlətin mərhəmət və hüququn aliliyi prinsiplərinə sadiqliyinin göstəricisidir.
Bunu AZƏRTAC-a açıqlamasında “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli söyləyib.
Onun sözlərinə görə, güclü dövlət yalnız qanunların sərtliyi ilə deyil, eyni zamanda, mərhəmət, anlayış və insan taleyinə həssas yanaşma ilə ölçülür. Bu təşəbbüs də cəmiyyətdə humanizm və qarşılıqlı etimad mühitini gücləndirmiş olacaq.
“Bildiyimiz kimi, amnistiyaya dair qərar az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş, habelə cəzanın müəyyən hissəsini çəkmiş və islah yoluna qədəm qoymuş şəxsləri əhatə edəcək. Həssas kateqoriyalardan olan şəxslərlə sıx təmasda olan qeyri-hökumət təşkilatının nümayəndəsi kimi isə şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər, Ermənistandan deportasiyaya məruz qalmış və digər bu kimi qruplardan olan şəxslərin özlərinə, yaxın qohumlarına bu amnistiya qərarının şamil edilməsini dövlətin sosial siyasət istiqamətində həyata keçirdiyi mühüm addımlardan biri kimi qiymətləndiririk”, - deyə N.Rəhimli əlavə edib.
Müvafiq qurumlar tərəfindən qərarın icrasından sonra cəmiyyətin də üzərinə böyük məsuliyyət düşdüyünü deyən sədr müavini qeyd edib: “Azadlığa çıxan şəxslərin cəmiyyətə adaptasiyası və inteqrasiyası üçün dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, ictimai təşkilatlar və bütövlükdə cəmiyyət müvafiq addımlar atmalı, dəstək mexanizmlərini işə salmalıdır. Çünki bu şəxslərin yenidən sosial həyata uğurla qoşulması, hüquqlarının qorunması və təkrar hüquqpozmalara yol verilməməsi cəmiyyətin ümumi təhlükəsizliyi və davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”.