Bakı, 22 dekabr, L.Muradzadə, AZƏRTAC
Azərbaycandan Ermənistana ilk neft məhsulları partiyasının göndərilməsi iki ölkə arasında davam edən sülh danışıqları prosesi fonunda baş verir və buna görə də əlavə simvolik əhəmiyyət kəsb edir. Lakin bu addıma siyasi jest kimi deyil, əsasən praqmatik, texniki və iqtisadi mənada baxılmalıdır.
Bu fikri AZƏRTAC-la türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bölüşüb. O, bu yaxınlarda Azərbaycandan Ermənistana ilk neft məhsulları partiyasının göndərilməsi ilə bağlı şərh verib.
Politoloqun sözlərinə görə, inkişaf etmiş neft emalı infrastrukturu və davamlı ixrac potensialına malik olan Azərbaycan regionda etibarlı və məsuliyyətli enerji təchizatçısı kimi rolunu ardıcıl olaraq gücləndirir. “Danışıqlar prosesi fonunda enerji sektorundakı iqtisadi əlaqələr qarşılıqlı iqtisadi maraq elementləri yaradır ki, bu da dialoqun təşviqi və etimadın qurulması üçün daha əlverişli mühit yarada bilər”, - deyə agentliyin həmsöhbəti qeyd edib.
O əlavə edib ki, neft məhsullarının tədarükü avtomatik olaraq tərəflər arasında siyasi yaxınlaşma demək deyil. “Bu, münasibətlərin mərhələli normallaşması məntiqini əks etdirir, burada iqtisadi əməkdaşlıq sülh danışıqları ilə paralel olaraq inkişaf edir və tərəflərin münaqişədən sonrakı dövrdə daha sabit və proqnozlaşdırıla bilən qarşılıqlı fəaliyyət formatlarına hazırlığının praktik göstəricisi kimi xidmət edə bilər”, - deyə ekspert sözünü yekunlaşdırıb.