AZ

Türkiyədə də satılan dərmanın beyin şişinə səbəb olduğu məlum olub

ABŞ Qida və Dərman Administrasiyası (FDA) Türkiyədə də istifadə olunan Depo Provera adlı doğum nəzarəti inyeksiyası ilə bağlı yeni təhlükəsizlik xəbərdarlığı yayıb.

E-saglam.az xəbər verir ki, qurum dərmanın uzunmüddətli istifadəsinin meningioma tipli beyin şişləri ilə əlaqələndirildiyini əsas gətirərək içlik vərəqini yeniləyib.

FDA-nın açıqlamasında bildirilir ki, medroksiprogesteron asetat tərkibli Depo Provera preparatının uzun müddət təkrar istifadəsi bəzi xəstələrdə əsasən xoşxassəli hesab edilən meningioma riskini artıra bilər. Bu səbəbdən dərmanı istifadə edən şəxslərin mümkün əlamətlərə görə yaxından izlənməsi tövsiyə olunur. Əgər meningioma diaqnozu qoyularsa, dərmanın istifadəsinin dərhal dayandırılması məsləhət görülür.

Mütəxəssislərin məlumatına görə, meningioma beyin və onurğa beynini əhatə edən qişalarda yaranan şiş növüdür. Halların çoxu xoşxassəli olsa da, təxminən 20 faizində ciddi fəsadlar və həyat üçün təhlükə yarana bilər. Simptomlara davamlı baş ağrıları, qıcolmalar, şəxsiyyət dəyişiklikləri, ətraflarda zəiflik və ya keyimə, həmçinin görmə pozuntuları daxildir.

Məsələ ilə bağlı ABŞ-da təxminən 2000 qadın Depo Provera preparatını istehsal edən Pfizer şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. İddiaçılar dərmanın istifadəsindən sonra beyin və onurğa beyni ətrafında şişlərin yarandığını, bəzi hallarda daimi nevroloji zədələnmə və görmə itkisi baş verdiyini bildirirlər.

Pfizer isə açıqlamasında dərman təhlükəsizliyinin şirkət üçün prioritet olduğunu və Depo Provera daxil olmaqla bütün preparatların beynəlxalq səhiyyə qurumları ilə əməkdaşlıq çərçivəsində davamlı şəkildə izlənildiyini qeyd edib. Şirkət bildirib ki, yeni xəbərdarlıq əlavə təhlükəsizlik tədbiri xarakteri daşıyır.

Mütəxəssislər vurğulayırlar ki, Depo Provera və digər hormonal preparatlardan istifadə edən şəxslər mümkün risklər barədə məlumatlı olmalı və hər hansı nevroloji əlamət hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
11
e-saglam.az

1Mənbələr