AZ

Mübariz Əhmədov: Amnistiya aktı yalnız azadlıqdan məhrumetmə cəzasından azadetmə ilə məhdudlaşmır

Bakı,22 dekabr, Günel Türksoy, foto Orxan Kərimov, AZƏRTAC

Qərara əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə görə, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş bir sıra şəxslərin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin azaldılması nəzərdə tutulur. Həmçinin azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi müəyyən müddətədək olan ilk dəfə ağır cinayət törətmiş şəxslər də aktın tətbiqinə daxildir.

Bu barədə ədliyyə nazirinin müavini Mübariz Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib.

Nazir müavini deyib ki, amnistiya aktına əsasən, bəzi şəxslərin azadlıqdan məhrumetmə cəzasının müddəti 6 ay azaldılacaq. Bu, öncə az ağır cinayət törətmiş və cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərə şamil olunur. Yəni həmin şəxslərin cəza müddəti akt qüvvəyə mindiyi tarixdən etibarən 6 ay azaldılacaq. Buna əlavə olaraq, ehtiyatsızlıqdan ağır cinayət törətmiş və cəzasının çəkilməmiş hissəsi 6 aydan artıq olan şəxslərin də cəza müddəti 6 ay azaldılacaq. Bu tədbir həm hüquqi ədalətin təmin olunmasına, həm də cəzanın humanist prinsiplər əsasında balanslı tətbiqinə xidmət edir:”Bu yanaşma ədalətlilik və humanizm prinsiplərinə əsaslanır və cəmiyyət üçün təhlükəlilik dərəcəsi aşağı olan şəxslərin islahına və yenidən cəmiyyətə qayıtmasına şərait yaratmağı hədəfləyir”.

Mübariz Əhmədov diqqətə çatdırıb ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

Nazir müavini vurğulayıb ki, amnistiya aktı yalnız azadlıqdan məhrumetmə cəzasından azadetmə ilə məhdudlaşmır. Amnistiya aktında müəyyən kateqoriyalar üzrə azadlıqdan məhrumetmə cəzasından tam azadetmə, bəzi hallarda cəzanın çəkilməmiş hissəsinin 6 ay azaldılması, bir sıra cinayətlər üzrə cinayət təqibinin başlanmaması və ya başlanmış cinayət təqibinə xitam verilməsi nəzərdə tutulub. “Eyni zamanda, amnistiya aktına əsasən, azadlıqlan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslər də cəzadan azad ediləcəklər. Buraya azadlığın məhdudlaşdırılması cəzasını çəkənlər, islah və ictimai işləri yerinə yetirən şəxslər, eyni zamanda, vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmiş şəxslər, qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi üç min manatdan artıq olmayanlar da daxildir. Bundan əlavə, amnistiya, həmçinin şərti məhkum edilmiş və ya vaxtından əvvəl azad olunmuş şəxslərə də şamil olunur, yəni həm azadlıqdan məhrumetmə, həm də azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalar verilmiş şəxslər cəzadan azad edilə biləcəklər”, - deyə Mübariz Əhmədov qeyd edib.

Qeyd edək ki, ədliyyə nazirinin müavini Mübariz Əhmədovun müsahibəsi ilə daha geniş şəkildə bu gün AZƏRTAC-da tanış ola biləcəksiniz.

 

 

Seçilən
34
1
azertag.az

3Mənbələr