SpaceX şirkəti orbitdəki Starlink peyklərindən birinin partladığını və zədələnmiş peykin Yer atmosferinə yenidən daxil olmaq üçün enməyə başladığını təsdiqləyib.
“Yeni Sabah”ın xəbərinə görə, bu barədə Starlinkin rəsmi sosial media hesabında məlumat yayılıb.
Bildirilib ki, 17 dekabrda 35956 nömrəli peykdə anomaliya baş verib və kosmik gəmi ilə əlaqə 418 kilometr yüksəklikdə kəsilib. Nasazlıq nəticəsində hərəkətverici çəndə sızma qeydə alınıb və peykin orbiti saatda təxminən 4 kilometr sürətlə aşağı düşüb.
Şirkət partlayışdan sonra yayılan kiçik fraqmentlərin izlənilə biləcəyini və aşağı sürətlərinə görə Yer kürəsinin aşağı orbitindəki digər peyklər və ya obyektlər üçün təhlükə yaratmadığını bildirib.
Qeyd edək ki, son bir neçə gündür partlayışın Çin peyki ilə toqquşma nəticəsində baş verdiyi barədə fərziyyələr mövcuddur.
Bu iddialar iki peykin orbitdə bir-birinə çox yaxınlaşdığı barədə məlumatlardan sonra ortaya çıxıb. Lakin SpaceX hadisənin hər hansı bir xarici müdaxilə və ya toqquşmanın nəticəsi olmadığını, əksinə peykin öz sistemlərindəki nasazlığın olduğunu bildirib.
Aytac Əliyeva
Telegram kanalımız