“Hazırda ən çox ekspert olan sahə təhsil sahəsidir. Elm, səhiyyə, kənd təsərrüfatı sahəsində demək olar ki, ekspertlərə rast gəlmirik. Əslində ekspert institutu olmalıdır. Ekspertlər müstəqil şəxslər olurlar, onlara nə diplom, nə sertifikat verilir, günlərin bir günü özlərini elan edirlər ki, mən ekspertəm”. Bu fikirləri Ajans.az-a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. Etibar Əliyev qeyd edib ki, təhsil eksperti anlayışını ilk dəfə ölkədə o işlədib: “Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda ilk dəfə mən 2005-ci ildə təhsil eksperti anlayışını işlətmişəm. O dövrdə təhsili, təhsilin məzmununu bilən ekspertlər var idi — Məlahət Mürşüdlü, Əlövsət Osmanlı və s. Bu institutun formalaşmasında onların böyük rolu olub. Sonradan bu ekspertlərin sayı sürətlə artdı. Eləsi var, sadəcə ali məktəbi bitirib, nə pedaqoji fəaliyyəti olub, nə də bir elmi məqaləsi var, adını qoyur təhsil eksperti. Nəticədə belə bir qeyri-müəyyənlik yaranır”. Sabiq deputatın sözlərinə görə, hazırda bəzi ekspertlər sifarişlə fəaliyyət göstərirlər: “Təəssüflər olsun ki, bu təhsil ekspertlərinin bir qismi sifarişlə işləməyə başladı. Məsələn, nazir hansısa fikir bildirəndə, o fikri anlamadan dərhal rəy bildirirlər — heç bir təhlil, elmi əsas olmadan. Əslində ekspert müstəqil olmalıdır, müəyyən tədqiqatlarla məşğul olmalı, elmi məqalələr yazmalıdır. Tələbələr üçün ixtisas kodlaşdıran olur təhsil eksperti. Düşünürəm ki, bu institutda müəyyən dəyişikliklər olmalıdır”.