Rusiya mediasının yaydığı məlumata görə, Moskvanın cənubunda baş verən avtomobil partlayışı nəticəsində Rusiya Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat hazırlığı şöbəsinin rəisi, general-leytenant Fanil Sərvarov həlak olub.
Vətəninfo.az xəbər verir ki, hadisə yerində hazırda müstəntiqlər və məhkəmə-tibbi ekspertlər işləyir. “Kommersant” nəşrinin məlumatına görə, cinayətkarlar avtomobilin altına yerləşdirilən maqnit mina vasitəsilə partlayış törədiblər.
İstintaq orqanları general-leytenantın qətli ilə bağlı müxtəlif versiyaları araşdırır. Nəzərdən keçirilən ehtimallar arasında Ukrayna kəşfiyyat qüvvələrinin mümkün iştirakı da var.
Hüquq-mühafizə orqanlarındakı mənbələrin RBC-yə bildirdiyinə görə, partlayıcı qurğunun gücü təxminən 300 qram trotil ekvivalenti təşkil edib.
Rusiya İstintaq Komitəsi bildirib ki, Moskvanın cənubunda partlayan avtomobili Fanil Sərvarovun özü idarə etdiyi müəyyən olunub. General-leytenant aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko hərbçinin qətli ilə bağlı cinayət işinin açıldığını açıqlayıb. İstintaq davam edir.