AZ

Yeni dövrün müəllimi necə olmalıdır?

Bakı, 22 dekabr, AZƏRTAC

Bu gün müəllimlik əvvəlki kimi deyil. Düzü, bunu hamımız hiss edirik. Sinfə daxil olan kimi anlayırsan ki, qarşındakı uşaqlar on il əvvəlki uşaqlar deyil. Onların düşünmə tərzi, diqqət müddəti, maraqları, sualları tamam başqadır. Dünya dəyişib və bu dəyişiklik müəllimdən yan keçə bilməz. Uzun illər müəllim sinfin mərkəzində dayanıb danışan, izah edən, qaydanı qoyan əsas fiqur olub. Şagird isə daha çox dinləyən və deyiləni yerinə yetirən tərəf idi. O dövr üçün bu model işləyirdi. Çünki bilik az idi, mənbə məhdud idi və müəllim əsas informasiya daşıyıcısı sayılırdı. Amma indi reallıq tamam fərqlidir. Şagird bir mövzunu bir neçə saniyəyə internetdən tapa bilir. Belə olan halda müəllimin “mən bilirəm, sən dinlə” mövqeyi artıq inandırıcı görünmür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın katibi Günay Əkbərova söyləyib. Onun sözlərinə görə, indi müasir müəllim hər şeyi bilən adam rolunda çıxış etməyə çalışmır. Açığı, buna ehtiyac da yoxdur. Bu gün müəllim daha çox yol göstərən, istiqamət verən, düşünməyə vadar edən biridir. Şagirdə hazır cavabları vermək yox, doğru sualları verməyi öyrətmək əsas məsələdir. Dünya təcrübəsi də bunu göstərir. Məsələn, OECD ölkələrinin təhsil yanaşmalarında müəllimdən gözlənilən əsas bacarıq şagirdin tənqidi düşünməsini, problem həll etməsini və müstəqil qərar verməsini dəstəkləməkdir.

“Yeni dövrün müəllimi texnologiyadan qorxmur. Əksinə, onu öz işinin bir hissəsinə çevirir. Telefonu, planşeti, süni intellekti qadağa obyektinə yox, öyrənmə alətinə çevirə bilən müəllim bugünkü uşağa daha yaxındır. Amma burada vacib bir məqam var: texnologiya məqsəd deyil, vasitədir. Müəllim insan münasibətini, canlı ünsiyyəti və empatiyanı itirirsə, ən müasir alətlər belə dərsi xilas edə bilməz. Elə buna görə də Finlandiya modelində müəllim həm texnologiyadan istifadə edir, həm də uşağın emosional ehtiyaclarını əsas götürür.

Bugünkü şagirdin yalnız dərs nəticəsi ilə ölçülməsi böyük səhvdir. Onun psixoloji durumu, ailə mühiti, özünəinamı dərs prosesinə birbaşa təsir edir. Müasir müəllim bunu anlayır və şagirdə sadəcə “oxumalısan” deməklə kifayətlənmir. Dinləyir, anlayır, bəzən sadəcə yanında olur. Açıq desək, şagirdini anlayan müəllimin sözü daha tez keçir”,- deyə o əlavə edib.

Ekpertin fikrincə, ənənəvi müəllimlik tamamilə keçmişdə qalıb demək də doğru olmaz. Nizam-intizam, məsuliyyət, qayda-qanun hələ də vacibdir. Sadəcə bu dəyərlər artıq qorxu və cəza üzərindən deyil, qarşılıqlı hörmət üzərindən qurulmalıdır. Müasir müəllim səhvi dərsin düşməni yox, öyrənmənin bir hissəsi kimi görür. Şagirdin danışmasına, fikrini ifadə etməsinə, bəzən səhv etməsinə imkan verir.

Müsahibimiz bildirib ki, bu gün müəllim özü də daim öyrənən şəxs olmalıdır. Dəyişməyən müəllim dəyişən dünyada çətinlik çəkir. Açığı, şagird bizdən daha sürətlə yenilənirsə, geridə qalmaq riski həmişə var. Ona görə də müəllimlik bir diplomla bitən peşə deyil, davamlı inkişaf tələb edən bir yoldur.

“Sonda isə bir həqiqət var: yeni müəllim modeli mükəmməl müəllim yaratmır, real müəllim yaradır. Səhv edən, öyrənən, dəyişən, amma şagirdə toxuna bilən müəllim. Bu gün müəllim olmaq asan deyil. Amma cəmiyyətin gələcəyinə bu qədər birbaşa təsir edən başqa bir peşə də demək olar ki, yoxdur. Bütün çətinliklərinə baxmayaraq, bu yolu seçmək hələ də böyük mənadır”, - deyə o vurğulayıb.

Seçilən
33
azertag.az

1Mənbələr