AZ

Əhaliyə XƏBƏRDARLIQ: Vaxtında qarşısı alınmasa ÖLÜMƏ APARIR

Həkim: “Qrip bu il daha ağır fəsadlar yarada bilər”

Son günlər havaların kəskin soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyalarının, xüsusilə də mövsümi qripin yayılmasında artım müşahidə olunur. Səhiyyə Nazirliyinin məlumatına görə, mövcud epidemioloji vəziyyət əhalinin daha diqqətli olmasını zəruri edir.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan infeksionist həkim Mərdan Əliyev bildirib ki, mövsümün bu mərhələsində qrip və digər virus infeksiyalarının aktivləşməsi tamamilə gözləniləndir:

“Hava temperaturunun enməsi, insanların qapalı məkanlarda daha sıx ünsiyyətdə olması və immun sisteminin zəifləməsi virusların sürətlə yayılmasına əlverişli şərait yaradır. Xüsusilə bu il qrip bəzi pasiyentlərdə daha ağır klinik mənzərə ilə müşahidə olunur”.

Həkimin sözlərinə görə, yüksək hərarət, güclü halsızlıq, uzunmüddətli öskürək və boğaz ağrısı ilə müşayiət olunan hallar xüsusilə risk qrupları üçün təhlükəlidir:

“Yaşlılar, xroniki xəstəliyi olanlar, hamilə qadınlar və uşaqlar üçün qrip ciddi fəsadlara – pnevmoniya, ürək-damar ağırlaşmaları və xəstəxanaya yatış riskinə səbəb ola bilər”.

Mütəxəssis Elvin Məmmədli Səhiyyə Nazirliyi tərəfindən ölkəyə gətirilən və hazırda ödənişsiz tətbiq olunan qrip əleyhinə vaksinlərin əhəmiyyətini xüsusi vurğulayıb:

“Qripə qarşı peyvənd yoluxma riskini tam aradan qaldırmasa da, xəstəliyin ağır keçməsinin və ölümcül fəsadların qarşısını almaqda son dərəcə effektivdir. Xüsusilə risk qrupuna daxil olan şəxslər peyvənddən mütləq yararlanmalıdır.”

Mütəxəssis vətəndaşları özünümüalicədən çəkinməyə çağıraraq bildirib ki, antibiotiklərin həkim təyinatı olmadan qəbulu vəziyyəti daha da ağırlaşdıra bilər:

“Qrip virus xəstəliyidir və antibiotiklə müalicə edilmir. İlk əlamətlər zamanı evdə qalmaq, bol maye qəbul etmək və mütləq həkimə müraciət etmək vacibdir”.

Qeyd edək ki, qripə qarşı vaksinasiya tam ödənişsiz şəkildə yaşayış və ya iş yeri üzrə əhaliyə xidmət göstərən dövlət tibb müəssisələrində aparılır. Səhiyyə Nazirliyi əhalini məsuliyyətli davranmağa və profilaktik tədbirlərə ciddi əməl etməyə çağırıb.

Seçilən
49
nocomment.az

1Mənbələr