AZ

Müəllim və şagirdlərlə maarifləndirici görüşlər təşkil olunub

525.az saytından alınan məlumata görə, ain.az bildirir.

Cəlilabadda müəllim və şagirdlərlə görüş keçirilib.

525.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın təşəbbüsü ilə Cəlilabad rayonunda müəllim və şagirdlərlə maarifləndirici görüşlər təşkil olunub.

Tədbirlərdə İctimai Şuranın sədri, professor Hikmət Əlizadə, Şuranın katibi, xarici dil üzrə ekspert Günay Əkbərova, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Ceyhun Məmmədov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov iştirak ediblər.

Görüşlər zamanı professor Hikmət Əlizadə ənənəvi təlim modeli ilə müasir interaktiv təlim yanaşmaları arasındakı fərqlərə toxunaraq, şagirdyönümlü tədrisin və müəllimin fasilitator rolunun müasir təhsil prosesində əsas meyarlardan biri olduğunu vurğulayıb. Şagirdlərlə isə motivasiya, özünə inam, məqsədli oxu və uğura aparan düzgün seçimlər mövzularında söhbət aparıb. 

Deputat Ceyhun Məmmədov çıxışında milli-mənəvi dəyərlərin tədris prosesində qorunmasının vacibliyini qeyd edib, məktəblərin gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynadığını bildirib. O, eyni zamanda dövlət tərəfindən təhsil sahəsində həyata keçirilən islahatların gənclərin inkişafına yönəldiyini diqqətə çatdırıb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov isə Cəlilabad rayonunda təhsilin mövcud vəziyyəti, məktəblərin fəaliyyəti və region üzrə həyata keçirilən təhsil layihələri barədə ətraflı məlumat verib.

İctimai Şuranın katibi Günay Əkbərova çıxışı zamanı müəllimlərin peşəkar inkişafı, innovativ tədris metodlarının tətbiqi, inklüziv təhsilin təşviqi və müəllimlər arasında davamlı öyrənmə mədəniyyətinin gücləndirilməsinin vacibliyindən bəhs edib. O, həmçinin sosial məsuliyyət və vətəndaş iştirakçılığının təhsil mühitində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Şagirdlərə isə xarici dilin yalnız fənn deyil, dünyaya açılan bir qapı olduğunu izah edib, dil öyrənərkən istifadə oluna biləcək effektiv strategiyalar barədə praktik tövsiyələr verib. 

Görüşlər interaktiv müzakirələr formatında davam edib. Müəllim və şagirdlər tərəfindən ünvanlanan suallar cavablandırılıb, təhsil sistemində aparılan yeniliklər, imtahan islahatları və peşə yönümü və şəxsi inkişafla bağlı fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
525.az

1Mənbələr