AZ

Maaşdan tutulan milyonlara alınan “Ozmo” – AHİK-in müəllimlərə “TƏBRİK”İ

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Yeni il münasibətilə müəllimlərə göndərdiyi hədiyyə paketləri cəmiyyətdə və xüsusilə təhsil cameəsində ciddi narazılıq yaradıb. Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, müəllimlərə təqdim edilən paketlərin tərkibi əsasən uşaqlar üçün nəzərdə tutulan məhsullardan ibarətdir. “Ozmo” şirniyyatı, çöplü şirələr və oxşar məhsullar müəllimlərin aylıq zəhmətinin, intellektual əməyinin və sosial məsuliyyətinin simvolu kimi yox, adi uşaq Yeni il sovqatı kimi görünür. Məhz bu məqam müəllimlərin qüruruna toxunur və məsələyə sıradan bir narazılıqdan daha ciddi məna qazandırır.

Məsələnin əsas ağırlıq nöqtəsi isə hədiyyənin məzmunundan çox, bu hədiyyənin hansı vəsait hesabına təqdim olunması ilə bağlıdır. Azad Təhsil İşçiləri Konfederasiyası vasitəsilə yüzminlərlə müəllimin aylıq əməkhaqqından müntəzəm şəkildə üzvlük haqları tutulur. Bu vəsaitlər müəllimlərin sosial müdafiəsinə, rifahının yaxşılaşdırılmasına, hüquqlarının qorunmasına yönəlməli olduğu halda, illərdir eyni şirkətlərdən alınan, keyfiyyəti və məqsədi sual doğuran hədiyyə paketlərinə xərclənir. Müəllimlər haqlı olaraq soruşurlar: illər boyu maaşımızdan tutulan vəsaitin real qarşılığı doğrudanmı bu qədər dəyərsiz yanaşmadır?

Sosioloq Əhəd Qasımov hesab edir ki, bu vəziyyət institusional hörmətsizliyin açıq göstəricisidir. Onun sözlərinə görə, cəmiyyətin əsas dayaq qruplarından biri olan müəllimlərin bu şəkildə “simvolik hədiyyələrlə” yola verilməsi onların sosial statusunun necə aşağı qiymətləndirildiyini göstərir.

Sosioloqun fikrincə, problem təkcə AHİK-də deyil, ümumilikdə həmkarlar ittifaqlarının üzvlərinə hesabatlılıq və şəffaflıq prinsipindən uzaqlaşmasındadır və bu, sosial etimadı sarsıdır: “Müəllimlər onsuz da aşağı maaş, yüksək məsuliyyət və davamlı psixoloji yük altında çalışırlar. Bu şərtlər altında onların maaşından tutulan üzvlük haqlarının nəticəsi olaraq uşaqlar üçün nəzərdə tutulmuş hədiyyələr verilməsi, müəllimin əməyinin dəyərsizləşdirilməsi deməkdir. Əgər həmkarlar ittifaqları müəllimin real ehtiyaclarını – hüquqi müdafiəni, sosial güzəştləri, peşəkar inkişaf imkanlarını təmin edə bilmirsə, bu qurumların mövcudluğu ciddi şəkildə sual altına düşür”.

Qeyd edək ki, AHİK-in bir neçə gün əvvəl növbəti qurultayı keçirilib və qurultayda Sahib Məmmədov yenidən sədr seçilib.

Seçilən
50
nocomment.az

1Mənbələr