"Liverpul" hücumçusu Aleksandr İsak İngiltərə Premyer Liqasının 17-ci turunda "Tottenhem"ə qarşı oyunda ciddi zədə alıb.
Fanat.Az xəbər verir ki, "The Athletic" futbolçunun uzun müddətə sıradan çıxdığını iddia edib.
Hücumçu "Tottenhem"ə qol vurarkən zədələnib. İsveçli 56-cı dəqiqədə Florian Virttsin ötürməsindən sonra hesabı açıb. Bu zaman xəsarət alan İsak oyunu davam etdirə bilməyib. Meydandan kənarda tibbi yardım alsa da, meydana dönə bilməyən futbolçu əvəzlənib. Dəqiq diaqnoz və sağalma müddəti MRT nəticələri alındıqdan sonra müəyyən ediləcək.
"Liverpul" hücumçunu yay transfer pəncərəsində "Nyukasl"dan 120 milyon avroya alıb. O, bu mövsüm Premyer Liqada 10 oyunda iştirak edib və 2 qol vurub.