Yeni nəsil aviadaşıyıcının inşasını nəzərdə tutan layihə büdcə qeyri-müəyyənliyinə baxmayaraq təsdiqlənib...
Poliqon xəbər verir ki, Fransa hakimiyyəti ölkədə mürəkkəb büdcə vəziyyəti və dövlət xərcləri ilə bağlı danışıqların təxirə salınmasına baxmayaraq, genişmiqyaslı hərbi proqramın icrasına başlamaq qərarı verib. Bloomberg agentliyinin məlumatına görə, layihə yeni nəsil aviadaşıyıcının tikintisini nəzərdə tutur.
Fransa prezidenti Emmanuel Makron milli müdafiə sənayesinin modernləşdirilməsinə və hərbi-dəniz qüvvələrinin yenilənməsinə yönəlmiş iri müdafiə layihəsinin startını təsdiqləyib. Onun sözlərinə görə, proqram təkcə ölkənin hərbi potensialını gücləndirməyəcək, eyni zamanda milli iqtisadiyyata ciddi dəstək verəcək.
Qərar dövlət büdcəsi ətrafında qeyri-müəyyənliyin davam etdiyi və xərclərin prioritetləri ilə bağlı müzakirələrin getdiyi bir dövrdə qəbul olunub. Makron bu həftə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə fransız hərbçilər qarşısında çıxışı zamanı bildirib ki, proqramın işə salınması ilə bağlı qərar məhz bu günlərdə verilib.
Prezident vurğulayıb ki, layihə birbaşa olaraq 800 təchizatçı şirkəti dəstəkləyəcək və onların təxminən 80 faizi kiçik və orta biznes subyektləridir. Onun sözlərinə görə, büdcə ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, proqram iqtisadi baxımdan strateji əhəmiyyət daşıyır.
Söhbət PANG kimi tanınan yeni nəsil aviadaşıyıcıdan gedir. Bu gəmi hazırda Fransa Hərbi Dəniz Qüvvələrinin flaqmanı olan Şarl de Qoll aviadaşıyıcısını əvəzləmək üçün hazırlanır. Hərbi qanun layihəsinin müddəalarına əsasən, yeni aviadaşıyıcının 2038-ci ildə istismara verilməsi planlaşdırılır.
Proqramın icrasında bir neçə iri sənaye şirkəti, o cümlədən Naval Group SA iştirak edir. Layihə Fransanın uzunmüddətli müdafiə strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir.
Poliqon.info