ABŞ administrasiyası xarici ölkələrdə fəaliyyət göstərən təxminən 30 səfiri geri çağırmaq qərarına gəlib.
Editor.az xəbər verir ki, Associated Press agentliyinin ABŞ Dövlət Departamentindəki iki rəsmi mənbəyə istinadən yaydığı məlumata görə, Vaşinqton 29 diplomatik missiya rəhbərini geri çağırmağı planlaşdırır.
Mənbələrin bildirdiyinə görə, ötən həftə diplomatlara onların səlahiyyət müddətinin 2026-cı ilin yanvarında başa çatacağı barədə məlumat verilib. Həmin səfirlərin hamısı sabiq ABŞ prezidenti Co Baydenin administrasiyası dövründə vəzifəyə təyin olunmuşdu.
Agentlik qeyd edir ki, geri çağırılan diplomatik missiya rəhbərləri diplomatik xidmətdən uzaqlaşdırılmayacaqlar. Onlar istədikləri halda Vaşinqtona qayıdaraq digər vəzifələrdə fəaliyyətlərini davam etdirə bilərlər.
ABŞ Dövlət Departamenti səfirlərin dəqiq sayını açıqlamaqdan imtina edib. Bununla yanaşı, qurum bu cür kadr dəyişikliklərinin hər bir administrasiya üçün standart praktika olduğunu vurğulayıb. Departament həmçinin qeyd edib ki, səfirlər prezidentin şəxsi nümayəndələri hesab olunur və onların fəaliyyət göstərdikləri ölkələrdə “Öncə Amerika” gündəminin irəlilədilməsi hüququ mövcuddur.
Associated Press-in məlumatına əsasən, geri çağırılan səfirlərin ən böyük qismi Afrika ölkələrinin payına düşür. Burundi, Kamerun, Kabo-Verde, Qabon, Fil Dişi Sahili, Madaqaskar, Mavriki, Niger, Nigeriya, Ruanda, Seneqal, Somali və Uqanda daxil olmaqla 13 ölkədə səfirlərin dəyişdirilməsi nəzərdə tutulur.
Asiya ikinci yerdə qərarlaşıb. Bu regionda Fici, Laos, Marşall Adaları, Papua–Yeni Qvineya, Filippin və Vyetnamda diplomatik missiya rəhbərləri dəyişdiriləcək.
Bundan əlavə, rotasiya Avropanın dörd ölkəsini, Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyanı, Yaxın Şərqdən Əlcəzair və Misiri, Cənubi və Mərkəzi Asiyadan Nepal və Şri Lankanı, eləcə də Qərb yarımkürəsindən Qvatemala və Surinamı əhatə edəcək.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Ağ Evin aparat rəhbərinin vəzifədən azad edilməsi ilə bağlı təklifə istehzalı münasibət göstərərək bu ehtimalı rədd etmişdi.
//Gülnarə Abasova, Editor.az