Ağ Evdə planlaşdırılan çıxışdan öncə ABŞ prezidenti qapalı kəşfiyyat brifinqində iştirak edəcək...
Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp dekabrın 23-də Bakıvaxtı ilə saat 01:30-da ictimai bəyanatla çıxış edəcək. Ağ Evin rəsmi qrafikinə əsasən, prezidentlə birlikdə Pentaqonun rəhbəri Pit Heqset və ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanı Con Felan da çıxış edəcək.
Hazırda Donald Trampın çıxışının konkret hansı mövzuya həsr olunacağı açıqlanmayıb. Məlumata görə, bəyanatdan təxminən bir saat əvvəl ABŞ prezidenti kəşfiyyat orqanlarının təqdim etdiyi qapalı brifinqdə iştirak edəcək. Bu da çıxışın milli təhlükəsizlik və ya xarici siyasət məsələləri ilə bağlı ola biləcəyi ehtimallarını artırır.
Qeyd edək ki, ötən həftə amerikalı jurnalist Taker Karlson Donald Trampın Venesuela ilə müharibənin başlanması barədə açıqlama verə biləcəyini iddia etmişdi. Lakin prezident dekabrın 18-də etdiyi müraciətdə bu ölkənin adını çəkməmişdi. Bununla belə, ABŞ-nin Venesuela sahilləri yaxınlığında hərbi mövcudluğunu genişləndirməsindən sonra sentyabr ayından etibarən Vaşinqtonun, iddiasına görə, narkotik ticarəti ilə əlaqəli olan gəmilərə zərbələr endirdiyi bildirilir.
Son açıqlamalarında Donald Tramp ABŞ ilə Venesuela arasında müharibə ehtimalını tam istisna etmədiyini də vurğulayıb. Bu səbəbdən qarşıdakı bəyanat beynəlxalq gündəmdə xüsusi diqqətlə izlənilir.
Poliqon.info