AZ

Kirill Dmitriyev Ukrayna üzrə danışıqlardan sonra Rusiyaya qayıdıb

Mayamidə ABŞ nümayəndələri ilə iki gün davam edən görüşlər konstruktiv qiymətləndirilib...

Poliqon xəbər verir ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlardan sonra Mayamidən Rusiyaya yola düşüb. ABŞ nümayəndələri ilə görüşlər iki gün davam edib və tərəflər müzakirələri müsbət dəyərləndiriblər.

Məlumata görə, Kirill Dmitriyev ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə bir sıra görüşlər keçirib. Danışıqların yekununda Dmitriyev təmasları konstruktiv adlandırıb. O, Mayamiyə səfərinin son günündə X sosial şəbəkəsində paylaşım edərək tərəflərin Ukrayna üzrə dialoqu davam etdirəcəyinə işarə edib və növbəti görüşün Moskvada ola biləcəyini bildirib.

Xatırladaq ki, 19 və 20 dekabr tarixlərində Mayamidə ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar keçirilib. 20 və 21 dekabrda isə ABŞ tərəfi Kirill Dmitriyevlə ayrıca görüşlər təşkil edib. Stiv Uitkoff bildirib ki, həm Moskva, həm də Kiyev döyüş əməliyyatlarının dayandırılmasında maraqlıdır.

Uitkoffun sözlərinə görə, Ukrayna tərəfi ilə 20 maddədən ibarət sülh planı, Ukraynaya təhlükəsizlik zəmanətləri və münaqişə başa çatdıqdan sonra ölkənin bərpası məsələləri müzakirə olunub. Görüşlərin yekunları barədə Kirill Dmitriyevin 22 dekabr tarixində Rusiya prezidenti Vladimir Putinə məruzə edəcəyi bildirilir.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr