AZ

Makron Mertsi KÜRƏYİNDƏN “VURDU”

Fransa açıq şəkildə susqunluq nümayiş etdirsə də, pərdəarxasında Almaniyanın mövqelərini zəiflədib və son anda digər skeptik ölkələrə qoşularaq Almaniya kansleri Fridrix Mertsin Ukrayna üçün dondurulmuş Rusiya aktivlərindən istifadə planını faktiki olaraq iflasa uğradıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Financial Times yazır.

Nəticədə Mertsin sammitdə siyasi qələbə qazanmaq planı puça çıxıb. Parisin bu addımı Almaniya üçün tam gözlənilməz olub və fransız–alman alyansının təməlində dərin etimad böhranının mövcudluğunu açıq şəkildə üzə çıxarıb.

Məqalədə vurğulanır ki, Fransa uzun müddət bu məsələdə ictimai səviyyədə neytral mövqe sərgiləyib, lakin paralel şəkildə Brüsseldə və qapalı danışıqlarda Berlinin təşəbbüsünə qarşı işləyib. Daha sonra isə son anda mövqeyini dəyişərək Mertsin planına qarşı çıxan ölkələrin sırasına qoşulub və bununla da Almaniyanın flaqman təşəbbüsünə son nöqtəni qoyub.

Bu addım Berlində şok effekti yaradıb. Alman siyasi dairələri bunu təkcə taktiki manevr yox, strateji xəyanət kimi qiymətləndirirlər. Avropa İttifaqının yüksək rütbəli diplomatlarından biri vəziyyəti olduqca açıq ifadə edib:

“Makron Mertsi satdı və o da yaxşı bilir ki, bunun siyasi bədəli olacaq”.

FT-nin təhlilinə görə, bu hadisə Avropa İttifaqının əsas dayağı sayılan Fransa–Almaniya tandemində ciddi çatların yarandığını göstərir. Xüsusilə Rusiya aktivləri, Ukraynaya dəstək və təhlükəsizlik məsələlərində Parislə Berlin arasında yanaşmaların getdikcə daha çox ziddiyyət təşkil etdiyi vurğulanır.

Ekspertlər hesab edirlər ki, bu insident təkcə bir sammitin nəticələrinə təsir göstərməyib, eyni zamanda Avropa daxilində liderlik uğrunda gizli mübarizəni və qarşılıqlı etimadsızlığı da açıq müstəviyə çıxarıb. Bu isə yaxın perspektivdə Aİ daxilində qərar qəbuletmə proseslərini daha da mürəkkəbləşdirə bilər.

Seçilən
33
nocomment.az

1Mənbələr