AZ

Qurban Qurbanov: “Heyəti saxlamaq böyük problemə çevrilib” – ARENA.AZ

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə Ağdam təmsilçisi 2:1 hesablı əzmkar qələbəyə sevinib.

Qurban Qurbanov qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Çox vacib 3 xal əldə etdik. Şükürlər olsun ki, oyunu zədəsiz başa vurduq. Oyundan çox, futbolçuları düşünürdüm. İstəyirdim ki, ili sağlam başa vursunlar. 3 xal yerinə düşdü. “Qəbələ” bütün oyunlarda çox yaxşı mübarizə aparır. Onlara uğurlar arzulayıram. Daha çox xala layiqdirlər. Kaxaber Sxadadze ilə rəqib olmaq mənim üçün həmişə maraqlı olub. Burada bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm”.

Qurban Qurbanov 2025-ci ili komandası üçün belə dəyərləndirib:

“Narazılıqlar da oldu, uğurlarımız da. Mən bu kollektivin içindəyəm. Futbolçuların nələr çəkdiklərini görürürəm. Elə durumdayıq ki, hər kəs bizdən razı qalmalıdır. Çox gərgin il keçirdik. UEFA Çempionlar Liqasının səviyyəsi daha da yüksəkdir. Burada daha çox güc sərf edirsən. Tam başqa səviyyədir. Futbolçular bu cür təzyiqə dözüblərsə, onlardan çox razı qaldım. 2025-ci il Azərbaycan futbolu üçün uğurlu oldu. Çempionlar Liqasında iştirak etdik, qələbələr qazandıq.

İlin ən yaxşı futbolçusu kim olmalıdır? Bu barədə düşünməmişəm. Yerli futbolçuların hamısını görürəm. Kiminsə adını desəm, bəlkə də yanlışlığıa yol vermiş olaram. Kim seçilsə, fərq etməz, hər biri özümüzünküdür. Bəlkə də Bəhlul Mustafazadə daha sabit oynadı. Elvin Cəfərquliyevin də yaxşı oyunları oldu”.

Qurban Qurbanov Juninyonun “Sevilya”ya getməsini istəyirmiş

Qurbanov heyətdəki oyunçuların qışda komandanı tərk etməsini arzulamadığını da vurğulayıb:

“Bəzi futbolçulara rəsmi olmayan təkliflər var. Sanki komandada qarışıqlıq başlayıb. UEFA Çempionlar Liqasının qarşıdakı oyunları üçün siyahiya kimisə əlavə edə bilmərik. Ona görə də kiminsə getməsini istəmirəm.

Pedro Bikalyonun adı Braziliya klubları ilə hallanır. Təklif olub. Amma bura “Qarabağ”dır, uşaq bağçası deyil. Bizə gələn təkliflər ciddi olmalıdır. Sanki futbolçuların fikrini yayındırırlar. Futbolda küçə danışığı olmamalıdır. Menecerləri, klub rəsmilərini nəzərdə tuturam. Futbolçuların da “başı” gedir. Onlara yaxşı təklif edirlər, kluba isə az məbləğ təklif olunur. Pul bunların gözünü örtüb. Belə yanaşmaq olmaz. O qədər lazımsız, keyfiyyətsiz zənglər gəlir, düşünürsən ki, doğrudanmı bu zənglər klublardan gəlir? Mənim üçün heyəti saxlamaq böyük problemə çevrilib. Demək olar ki, futbolçuların 90 faizinə təkliflər var. Biri Yaponiyadan, biri Dubaydan zəng edir”.

Qurban Qurbanov “Qarabağ”ın keçmiş oyunçusu Juninyo üçün rəsmi təklif göndərmədiyini də açıqlayıb:

“Bizim onu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb. Mən onun “Sevilya”ya getməsini istəyirdim. Amma “Flamenqo” braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də, buna görə oranı seçdi”.

Seçilən
70
arena.az

1Mənbələr