İsrail–Yunanıstan–Kipr formatında keçiriləcək üçtərəfli sammit ərəfəsində İsrail rəhbərliyinə yaxın mənbələr açıq şəkildə Ankaranın getdikcə daha konfrontativ kursuna qarşı özünəməxsus “təhlükəsizlik divarı”nın formalaşdırıldığını bildirirlər. Sammitin gələn bazar ertəsi Qüdsdə keçirilməsi planlaşdırılır.
NOCOMMENT.az İsrail mediasına istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahunun Yunanıstanın hökumət başçısı Kiriakos Mitsotakis və Kipr Prezidenti Nikos Xristodulidis ilə görüşləri Türkiyə–Yunanıstan münasibətlərinin kəskin şəkildə gərginləşdiyi bir vaxta təsadüf edir. Son dövrlərdə Türkiyə Hərbi Hava Qüvvələrinin Yunanıstanın hava məkanını pozması və buna cavab olaraq yunan qırıcılarının havaya qalxması ilə müşayiət olunan insidentlər Afina tərəfindən son illərin ən riskli epizodları kimi qiymətləndirilir. Bu hadisələr Egey dənizini yenidən potensial hərbi qarşıdurma zonasına çevirib.
Netanyahunun strateji planı nədir?
Son aylarda Türkiyə faktoru İsrail üçün də abstrakt anlayış olmaqdan çıxıb. Qüdsdə açıq şəkildə vurğulanır ki, Ankara hazırda düşmən deyil, lakin rəqib kimi qəbul edilir və əsas məqsəd bu sərhədin keçilməsinin qarşısını almaqdır. Məhz bu səbəbdən İsrail Yunanıstan və Kiprlə üçtərəfli formatı sıx koordinasiya, birgə təlimlər və strateji dialoq mexanizmi kimi formalaşdırır. Bununla belə, rəsmi dairələr birləşmiş silahlı qüvvələrin yaradılması və ya formal hərbi alyans barədə bəyanatların gündəmdə olmadığını xüsusi vurğulayırlar.
Sammitin gündəliyi təkcə təhlükəsizlik məsələləri ilə məhdudlaşmır. Energetika əsas mövzulardan biridir. İsraili Kipr və Yunanıstan vasitəsilə Avropa elektrik şəbəkəsinə bağlamalı olan sualtı elektrik kabeli layihəsi infrastruktur baxımından ciddi sıçrayış kimi qiymətləndirilir. Paralel olaraq qaz məsələləri, xüsusilə də ehtiyatlarının 85 faizi Kiprə, 15 faizi isə İsrailə məxsus olan “Afrodita” yatağının işlənməsi müzakirə ediləcək.
Nikosiya Kiprin regional qaz habı kimi Misirlə rəqabət apara bilməsinə imkan verəcək infrastruktur variantlarını nəzərdən keçirir. Bu isə enerji əməkdaşlığına qaçılmaz olaraq siyasi ölçü də əlavə edir.
IMEC və regional balans
Sammitdə ayrıca blok kimi ABŞ-ın təşəbbüsü olan IMEC – Hindistan–Yaxın Şərq–Avropa iqtisadi dəhlizi layihəsi də müzakirə olunacaq. Bu layihədə iştirak İsrail, Yunanıstan və Kipr üçün təkcə iqtisadi fayda deyil, həm də yeni tranzit arxitekturasında açar ölkələrə çevrilmək deməkdir. Bu proses isə birbaşa Türkiyənin maraqlarına toxunur.
Bununla yanaşı, Qüds rəsmi şəkildə yunan mediasında yayılan birgə müdaxilə qüvvələrinin və ya sürətli reaksiya birləşmələrinin yaradılması barədə məlumatları təkzib edir. İsrail hökumətindəki yüksək vəzifəli mənbələr bildirirlər ki, söhbət müharibəyə hazırlıqdan yox, saxlayıcı mexanizmlərdən gedir. Lakin bu saxlayıcılıq real məzmunla doldurulur.
İsrail və Yunanıstan hər il təxminən 40 birgə hərbi təlim, məşq və kəşfiyyat məlumatlarının mübadiləsi tədbiri keçirir. Hərbi-texniki əməkdaşlıq da genişlənir: Yunanıstana yüksək dəqiqlikli silahların tədarükünə dair iri müqavilə artıq təsdiqlənib, gündəmdə isə David’s Sling, Barak və Spyder raket sistemlərinin mümkün satışı var. Türkiyənin hərbi potensialının sürətlə artdığı şəraitdə bu, Afina üçün kritik əhəmiyyət daşıyır.
Yunanıstanın və ABŞ-ın mövqeyi
Yunanıstanın narahatlığı praqmatik xarakter daşıyır. Afina genişmiqyaslı müharibə gözləmir, lakin Egey dənizində məhdud hərbi toqquşmaların siyasi böhrana çevrilə biləcəyindən ehtiyat edir. İsrail isə Yunanıstan və Kiprlə tərəfdaşlığı regionda güc balansının qorunması və təhlükəsizlik sistemləri arasında sıx əlaqələr vasitəsilə sabitliyin təmin edilməsi kimi görür.
Vaşinqtonun diplomatik xətti də diqqət çəkir. Benyamin Netanyahunun ABŞ-ın Türkiyədəki səfiri Tom Barakla görüşü zamanı İsrail tərəfi eskalasiyanın cilovlanması ilə bağlı sərt siqnal ötürüb. Cavab olaraq amerikalı diplomat bildirib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın kəskin anti-İsrail bəyanatları Vaşinqtonda daha çox daxili siyasi ritorika və elektorata hesablanmış çıxışlar kimi dəyərləndirilir.
Yekun mənzərə
Son aylar İsrail–Yunanıstan–Kipr yaxınlaşmasının sistemli xarakter aldığını təsdiqləyir. İsrail Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin Afinaya səfərləri, İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Barın yunan və kiprli həmkarları ilə strateji görüşləri, eləcə də müdafiə naziri İsrael Katsın Kiprlə birbaşa danışıqları bu xəttin davamlı olduğunu göstərir.
Nəticə etibarilə, Türkiyəyə qarşı formalaşan bu “divar” klassik anlamda cəbhə xətti və ya hərbi alyans deyil. Bu, siyasi, hərbi, enerji və infrastruktur əlaqələrindən ibarət mürəkkəb və çoxsəviyyəli bir sistemdir.