AZ

Türkiyəli professor: Ən böyük arzularımızdan biri TDT daxilində miqren və başağrısı ilə bağlı birliyin, assosiasiyanın yaradılmasıdır

Bakı, 21 dekabr, Göyçək Mahmudlu, AZƏRTAC

“Miqren və onun müalicəsi ilə bağlı əhəmiyyətli irəliləyişlər əldə edilib. Otuz il əvvəllə müqayisədə çox şey dəyişməyə başlayıb. Biz artıq miqrenin necə inkişaf etdiyini daha yaxşı başa düşürük. Müalicə seçimlərimiz artıb. Yəni xəstəliyin təbiətinə uyğun müalicə üsulları hazırlanıb”.

Bunu AZƏRTAC-a açıqlamasında Türk Nevrologiya Assosiasiyasının baş katibi, Türkiyənin Çukurova Universitetinin nevrologiya şöbəsinin professoru Şebnem Bıçakcı deyib.

Onun sözlərinə görə, miqrendən əziyyət çəkən xəstələrin ayda bir dəfə və ya günaşırı istifadə edə biləcəyi, daha az əks təsirləri olan dərmanlar hazırlanıb: “Həmin məsələlər “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyinin 1-ci illik beynəlxalq konfransında da müzakirə olundu. Miqreni tamamilə aradan qaldırmaq əvəzinə, onu idarə etmək konsepsiyası var. Miqrenin erkən müalicəsi onun tutmalarının sayını azaltmaq deməkdir. Miqren xroniki bir xəstəlikdir. Bu, bir insanın yaşadığı vəziyyətdir. Onun yaranması üçün bir çox səbəbi var. Bu, hər kəsdə deyil, genetik meylli olanlarda baş verir. Azərbaycanda və Türkiyədə miqrenli insanların sayı əhalinin təxminən 16 faizinə bərabərdir. Yəni 100 nəfərdən 16-sı miqrendən əziyyət çəkir. Bu, çox ciddi bir göstəricidir. Odur ki, məqsədimiz miqreni aradan qaldırmaq deyil, onunla effektiv şəkildə, düzgün mübarizə aparmaqdır”.

“Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyi ilə Türk Nevrologiya Assosiasiyasının qarşılıqlı əməkdaşlığa və təcrübə mübadiləsinə əsaslanan əlaqələrin olduğunu bildirən professor deyib: “Azərbaycan Miqren Mütəxəssisləri” İctimai Birliyi çox uğurlu bir konfrans təşkil etdi. Bu sahədə beynəlxalq və peşəkar mütəxəssislər bir araya gələrək öz təcrübələrini bölüşdülər. Aktual mövzularda müzakirələrin aparıldığı tədbir sual-cavablarla çox interaktiv keçdi. Avropa Başağrısı Federasiyasından da nüfuzlu şəxslər var idi. Onların təqdimatları dinamik bir görüş üçün fürsət yaratdı. Ən böyük arzularımızdan biri Türk Dövlətləri Təşkilatı daxilində belə bir birliyin, assosiasiyanın yaradılmasıdır. Əslində təşkilata üzv ölkələrinin cəmiyyətləri və mütəxəssisləri də böyük tədbirlərə dəvət olunurlar. Proseslərdə onların paralel iştirakı təmin edilir, fəaliyyətlərinin dəstəklənməsi və davamlı məlumat mübadiləsi baş verir. Münasibətlər yaxşılaşdıqca fikir mübadiləsi daha da yaxşı olacaq. İnanıram ki, gələcəkdə ortaq bir birlik yaradacağıq. Onu da qeyd edim ki, gələn il Türkiyədə miqren və başağrısı ilə bağlı böyük bir tədbir keçiriləcək. Həmin tədbirə TDT-yə üzv ölkələrin birlik və mütəxəssisləri də dəvət olunacaqlar”.

Seçilən
92
azertag.az

1Mənbələr