Macarıstan Rusiya ilə münaqişə nəticəsində Ukraynanın parçalanmasında maraqlı deyil və qonşu ölkədə sabitliyin bərqərar olmasını istəyir.
NOCOMMENT.az xəbər verir ki, Macarıstanın Baş naziri Viktor Orban bunu Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının suallarını cavablandırarkən bildirib.
O qeyd edib ki, Ukraynanın parçalanması Macarıstan üçün böyük problem olacaq. “Bunun baş verməməsi üçün çox iş görməliyik. Kəndli yaxşı başa düşür ki, onun torpağının dəyərinə qonşusunun sərvəti də təsir edir”, – deyə baş nazir bildirib.
Orban vurğulayıb ki, “Macarıstanın sabit Ukraynaya ehtiyacı var”. Onun çıxışı M1 televiziya kanalı tərəfindən yayımlanıb.
Ukraynadakı münaqişənin lap əvvəlindən Macarıstan hökuməti ardıcıl olaraq problemin yalnız dinc yolla həllini müdafiə edib. Orban dəfələrlə qeyd edib ki, qonşu ölkədə hərbi əməliyyatlar və Qərbin Rusiyaya qarşı sanksiyaları Macarıstan iqtisadiyyatına 20-30 milyard avro məbləğində ziyan vurub.