AZ

Fuad Axundov: Maqsud İbrahimbəyov dövr deyil, insanlar haqqında yazıb

Bakı, 20 dekabr, Tatyana İvanayeva, AZƏRTAC

Maqsud İbrahimbəyovun 1960-cı illərdə yazdığı "Neft bumu hər kəsə gülümsəyir" pyesi Azərbaycan tarixinin dönüş nöqtələrində insan taleyini əks etdirir.

Bu fikri Bakı tarixinin tədqiqatçısı Fuad Axundov AZƏRTAC-a verdiyi müsahibədə Bakı Kitab Mərkəzində keçirilən “Neft bumu hər kəsə gülümsəyir” kitabının təqdimatı zamanı bildirib.

“Baş verən hadisələr fonunda, ciddi irəliləyişlər astanasında fərdin öz yerinin axtarışı kontekstində universal seçim və məsuliyyət mövzuları həmişə aktual olaraq qalır. Maqsud İbrahimbəyovun yaradıcılığı çoxşaxəlidir və müxtəlif, o cümlədən şahidi və iştirakçısı olduğu, eləcə də onlardan əvvəlki dövrləri əhatə edir. Babası Ələkbər Məşədibəyov neft elitasının nümayəndəsi idi və tarixi talelərin hökmü ilə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi indi babasına məxsus evdə yerləşir. Odur ki, burada müəyyən bir genetik yaddaş müşahidə etmək mümkündür. Bu, onun ailə tarixinin bir parçasıdır. O, həmin dövrü özünəməxsus bir tərzdə görür, hansısa dəqiq detallara can atmır. O, dövrü bütövlükdə yenidən yaradır, onu geniş fırça yaxmaları ilə çəkir. O, konkret məqamlara dərindən varmadan, həmin dövrün koloritini yenidən yaradır. Bununla belə, bu günlə səsləşən çox maraqlı nəticələr çıxarır”, - deyə Fuad Axundov bildirib.

Onun sözlərinə görə, bu pyes 1960-cı illərdə yazılsa da, 2003-cü ildə Azərbaycan Rus Dram Teatrında səhnələşdirilsə də, burada müəllif sanki indiki dövrdə baş verən hadisələri qabaqcadan görmüş kimi görünür: “Əlbəttə ki, burada Maqsud İbrahimbəyov uzaqgörən kimi çıxış edir. O, sadəcə yazıçı, dramaturq, ziyalı deyil. O, bir qrossmeyster kimi bir neçə addım irəlini görə bilən insandır. Bununla da, əlbəttə ki, onun yaradıcılığı çox dəyərlidir”.

Fuad Axundov vurğulayıb ki, Maqsud İbrahimbəyovun yaradıcılığı heç kəsi laqeyd qoymur: “O təsvir etdiyi dövrə aparmağı, teleportasiya etməyi bacarıb. O, özü onu o qədər dərindən yaşayıb ki, əsərlərini oxuyan oxucu özü də ora qərq olur. Bunu isə hər kəs bacarmır... Maqsud İbrahimbəyov dövr deyil, insanlar, münasibətlər haqqında yazıb. O, zamanın təsirinə məruz qala bilməyən məqamlar barədə yazıb”.

Seçilən
104
azertag.az

1Mənbələr