ain.az bildirir, Bizimyol portalına istinadən.
Bakıda daha bir neçə yerdə nəqliyyat axınının fasiləsiz hərəkətinə şərait yaradan “ağıllı svetoforlar” (adaptiv) quraşdırılıb. Bu tətbiq 2024-cü ildən başlayıb və 2025-ci ildə daha da genişləndirilib. Bizimyol.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual idarəetmə Mərkəzindən bildirilib ki, bu məqsədlə iki xarici ölkənin mütəxəssisləri birlikdə pilot layihəyə start verib. İlkin olaraq paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti ilə Cəfər Xəndan, Məsud Davudoğlu küçələrinin kəsişməsində, 115 nömrəli tam orta məktəbin qarşısında (piyada svetoforu), həmçinin Cəfər Xəndan küçəsi ilə Əhməd Rəcəbli, Anar Şükürov, İbrahimpaşa Dadaşov, Şövkət Məmmədova və Əlişir Nəvai küçələrinin kəsişməsində quraşdırılan belə svetoforlar sınaq müddətində işə salınıb. Bildirək ki, bu texnologiyalar Bakının nəqliyyat sisteminin müasirləşdirilməsi və şəhər sakinlərinin rahatlığının təmin olunması məqsədilə mərhələli şəkildə tətbiq olunur.Bakıda ağıllı svetoforların tətbiqi nə dərəcədə effektiv olub? Tıxacların azalmasına təsiri varmı?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Eldəniz Cəfərov bildirib ki, bu svetoforların adi svetofordan fərqi ondan ibarətdir ki, mövcud situasiyaya uyğun qərar verir.
Eldəniz Cəfərov
“Ölkəmizdə “Ağıllı svetoforlar” təcrübəsi artıq bir neçə ildir var və belə svetoforlar illər əvvəl quraşdırılmışdır. Müxtəlif küçə və prospektlərdə ağıllı svetaforların quraşdırılması təqdirəlayiq məsələdir. Yəni bu svetoforların vasitəsi ilə qismən də olsa, yollarda sıxlıq nəzarətə götürülə bilər, yəni daha çox hansı istiqamətə ehtiyac varsa, o istiqamətdə bu ağıllı svetoforlar svetoforun müvafiq rənglərini yandıra bilir. Bir növ yolu idarə edə bilir. Bu svetoforların adi svetofordan fərqi ondan ibarətdir ki, mövcud situasiyaya uyğun qərar verir və sabit vaxtda deyil, yəni axına görə dəyişir.
Ağıllı svetoforlarda videokameralar, sensorlar, GPS və mobil data kimi müxtəlif texnologiyalardan istifadə edilə bilər. Həmçinin süni intellekt və alqoritmlər vasitəsilə nəqliyyat axını analiz olunur və real vaxtda tənzimlənir. Bu sistemlərin əsas üstünlüyü tıxacların azalması və sürücülərin gözləmə vaxtının qısalmasıdır. Məsələn, təcili yardım digər operativ nəqliyyat vasitələrinə üstünlük qazanır. Şəhər mühitində avtomobillərin havaya buraxdığı zərərli qazların və yanacaq sərfiyyatının azalması da bu sistemin üstünlüklərindəndir.
Eyni zamanda ictimai nəqliyyatın vaxtında və fasiləsiz hərəkəti təmin olunur. Gələcəkdə bu təcrübənin daha da genişlənəcəyi, mərkəzləşdirilmiş idarəetmənin tətbiq ediləcəyi gözlənilir. Hətta bu sistemin avtobus zolaqları ilə inteqrasiyası da mümkündür”-deyə Eldəniz Cəfərov qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.