Son vaxtlar regionlarda səhiyyə xidmətlərinin təşkili ilə bağlı müzakirələr yenidən gündəmə gəlib.
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ilin yekunlarına dair brifinqdə bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacılarının evlərdə iynə vurması faktlarına toxunaraq bunun yolverilməz olduğunu bildirib. Onun sözlərinə görə, ev şəraiti tibb bacısının müstəqil şəkildə tibbi xidmət göstərə biləcəyi yer hesab edilmir və bu fəaliyyətə icazə yoxdur.
Bu açıqlama cəmiyyətdə haqlı suallar doğurub: regionlarda tibbi xidmətə real ehtiyac fonunda evdə iynə vurulması hansı risklər yaradır və bu hallar hüquqi baxımdan nə ilə nəticələnə bilər?
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan tanınmış həkim, professor Adil Qeybulla bildirib ki, ev şəraitində tibbi müdaxilələr ciddi risklər daşıyır:
“İynə vurmaq sadə prosedur kimi görünsə də, əslində tibbi nəzarət, steril şərait və fəsadların dərhal aradan qaldırılması imkanları tələb edir. Evdə bu şərtlərin əksəriyyəti təmin olunmur. Allergik şok, infeksiya riski, iynənin səhv vurulması nəticəsində sinir və ya damar zədələnməsi kimi ağırlaşmalar baş verə bilər. Tibb bacısı belə hallarda məsuliyyəti daşıyacaq imkanlara malik deyil. Bu xidmət yalnız tibb müəssisəsində və ya rəsmi şəkildə təşkil olunmuş evdə tibbi xidmət proqramları çərçivəsində həyata keçirilməlidir”.
Professorun sözlərinə görə, problemin kökündə regionlarda tibb məntəqələrinin çatışmazlığı dayanır:
“Əgər kənddə tibb məntəqəsi yoxdursa, insanlar məcburiyyətdən qeyri-rəsmi yollara üz tutur. Amma bu, problemi həll etmir, əksinə, sağlamlıq üçün daha böyük risk yaradır. Dövlətin və aidiyyəti qurumların əsas vəzifəsi tibbi infrastrukturu gücləndirməkdir”.
Məsələnin hüquqi tərəfinə toxunan hüquqşünas Tağı Əliyev isə bildirib ki, evdə tibbi müdaxilələrin aparılması qanunvericilik baxımından da ciddi suallar doğurur:
“Azərbaycan qanunvericiliyinə görə, tibbi fəaliyyət yalnız müvafiq lisenziyaya malik tibb müəssisələrində həyata keçirilməlidir. Tibb bacısının evdə, hər hansı rəsmi müqavilə və ya dövlət proqramı olmadan tibbi xidmət göstərməsi inzibati məsuliyyət yarada bilər. Əgər bu xidmət nəticəsində xəstəyə zərər dəyərsə, məsuliyyət daha da ağırlaşır və cinayət tərkibi yarana bilər”.
Hüquqşünas qeyd edib ki, bu cür hallarda yalnız tibb bacısı deyil, prosesə göz yuman və ya qeyri-rəsmi şəkildə təşviq edən şəxslər də məsuliyyət daşıya bilər:
“Əgər regionlarda sistemli şəkildə belə hallar baş verirsə, bu, nəzarət mexanizmlərinin zəifliyindən xəbər verir”.