AZ

Almaniyanın Maqdeburq şəhərində Milad bazarında törədilmiş terror hücumundan bir il ötür

Berlin, 20 dekabr, AZƏRTAC

Almaniyanın Maqdeburq şəhərində Milad bazarında törədilmiş terror hücumunun birinci ildönümüdür.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar şəhərdə bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Belə ki, dini ayinlərdən sonra – günün ikinci yarısında Müqəddəs İohan kilsəsində rəsmi anım mərasimi təşkil olunacaq. Mərasimdə Almaniya Kansleri Fridrix Mertsin də iştirakı nəzərdə tutulub. Axşam isə Köhnə Bazar meydanı ətrafında şəhər ictimaiyyəti hücum qurbanlarının xatirəsini yad edəcək. Hücumun baş verdiyi saatda - 19:02-də kilsə zənglərinin çalınması nəzərdə tutulur.

Xatırladaq ki, düz bir il əvvəl – dekabrın 20-də əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb Al-Abdulmohsen adlı şəxs yüksək sürətlə idarə etdiyi “BMW X3” markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində 6 nəfər – bir uşaq və beş qadın həlak olub, 300-dək insan xəsarət alıb. Terror hadisəsi ilə bağlı məhkəmə prosesi noyabrın 10-da başlayıb.

Bu hücum ölkədə ciddi ictimai narahatlığa səbəb olmuş, miqrasiya əleyhinə qanunların sərtləşdirilməsini gündəmə gətirmişdi. Belə bir hadisə 2016-cı il dekabrın 19-da Berlində baş vermişdi. Terrorçular yük avtomobilini Berlinin Braytşayd meydanındakı Milad yarmarkasında insanların üstünə sürməsi nəticəsində 13 nəfər həlak olmuş, 70-dən çox insan xəsarət almışdı.

Bu cür hücumlar nəticəsində Milad yarmarkalarında təhlükəsizlik tədbirləri gücləndirilsə də, əhali arasında narahatlıqlar hələ də qalmaqdadır. Ötən ay açıqlanan rəy sorğularından birinin nəticələrinə əsasən, Almaniyada əhalinin 62 faizi Milad yarmarkalarındakı təhlükəsizlik tədbirləri ilə bağlı narahatlığını ifadə etmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
100
azertag.az

1Mənbələr