AZ

“ Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi siyasi motivlidir”

Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikasına qarşı qəbul etdiyi qətnamə hüquqi əsaslardan məhrum, faktoloji baxımdan əsassız və siyasi motivli sənəddir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Onun sözlərinə görə, sözügedən qətnamə mahiyyət etibarilə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş açıq şər və böhtan xarakteri daşıyır və Avropa Parlamentinin ölkəmizə münasibətdə uzun müddətdir nümayiş etdirdiyi qərəzli və ikili standartlara əsaslanan siyasətin növbəti təzahürüdür.

Vasif Qafarov qeyd edib ki, sənəddə irəli sürülən iddialar obyektiv araşdırmalara, etibarlı hüquqi mənbələrə və beynəlxalq hüququn norma və prinsiplərinə deyil, siyasi spekulyasiyalara və təzyiq niyyətlərinə əsaslanır:

“Avropa Parlamenti öz səlahiyyət hüdudlarını aşaraq müstəqil dövlətin daxili işlərinə müdaxilə etməyə, məhkəmə qərarlarını siyasi mülahizələrlə şübhə altına almağa və istintaq proseslərinə qiymət verməyə cəhd göstərir. Bu yanaşma Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsində təsbit olunan dövlətlərin suveren bərabərliyi və daxili işlərə qarışmamaq prinsiplərinə açıq ziddir”.

Deputat vurğulayıb ki, qətnamədə adı çəkilən şəxslərlə bağlı istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının Konstitusiyasına, Cinayət-Prosessual Məcəlləsinə, eləcə də ölkəmizin tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasına və digər beynəlxalq hüquqi öhdəliklərə tam uyğun şəkildə aparılıb.

Onun sözlərinə görə, cinayət məsuliyyəti konkret və sübuta yetirilmiş qanunazidd əməllər əsasında müəyyən edilib.

Millət vəkili “özbaşına həbs”, “siyasi məhbus” və “akademik azadlıqların boğulması” kimi anlayışların sübutsuz və şablon şəkildə gündəmə gətirilməsini hüquqi qiymətləndirmə deyil, məqsədli dezinformasiya və siyasi manipulyasiya adlandırıb. O, bunun Avropa Parlamentinin selektiv yanaşmasının bariz nümunəsi olduğunu qeyd edib.

Eyni zamanda Vasif Qafarov xatırladıb ki, Avropa Parlamenti uzun illər ərzində Azərbaycan ərazilərinin işğalı dövründə yüz minlərlə azərbaycanlının fundamental hüquqlarının pozulmasına, etnik təmizləməyə, mədəni və dini irsin sistemli şəkildə məhv edilməsinə ya səssiz qalıb, ya da bu faktlara formal və qeyri-adekvat münasibət sərgiləyib:

“Bu amil bu gün səsləndirilən iddiaların səmimiliyini ciddi şəkildə şübhə altına alır”.

“Qətnamədə sanksiya çağırışlarının və tərəfdaşlıq münasibətlərinin siyasi şərtlərlə bağlanması cəhdlərinin yer alması bərabərhüquqlu əməkdaşlıq prinsipinə, Helsinki Yekun Aktına və beynəlxalq hüququn ümumi prinsiplərinə ziddir və açıq şəkildə siyasi təzyiq aləti kimi çıxış edir.

Avropa Parlamentinin reallıqları təhrif edən və selektiv yanaşmaya əsaslanan bu cür sənədləri dialoqa deyil, qarşıdurmanın dərinləşməsinə xidmət edir. Qarşılıqlı münasibətlərin sağlam və davamlı inkişafı yalnız beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, suverenliyə ehtiram, bərabərlik və daxili işlərə qarışmamaq əsasında mümkündür”,- deyə o, yekunlaşdırıb.

Afət ZİYADQIZI

Seçilən
97
1
operativmm.az

2Mənbələr