AZ

“Snus” bəlası – Övladlarınız TƏHLÜKƏDƏDİR!

Son dövrlər məktəblilər arasında “snus” adı ilə tanınan, saqqızabənzər formada təqdim edilən nikotin tərkibli məhsulun yayılması həm səhiyyə, həm hüquq, həm də sosial baxımdan ciddi narahatlıq doğurur.

Uşaqların böyük əksəriyyəti bu maddəni adi saqqız kimi qəbul edir, onun tərkibində yüksək dozada nikotin olduğunu və sağlamlığa vurduğu zərərləri isə dərk etmir.

Mütəxəssislər bildirirlər ki, “snus”un erkən yaşlarda istifadəsi həm fiziki, həm psixoloji, həm də sosial fəsadlara yol aça bilər.

Azər Maqsudov

Mövzu ilə bağlı NOCOMMENT.az -a danışan toksikoloq, tibb üzrə fəlsəfə doktoru Azər Maqsudov bildirib ki, “snus”un əsas təhlükəsi nikotinin ağız boşluğunun selikli qişası vasitəsilə birbaşa qana sovrulmasıdır:

“Bu məhsul saqqız deyil və çeynənmir. Dodağın altına yerləşdirildikdə nikotin çox sürətlə orqanizmə daxil olur. Yeniyetmələrdə bu, ürəkbulanma, başgicəllənmə, halsızlıq, ürək ritminin pozulması, təzyiqin enməsi və hətta kəskin nikotin zəhərlənməsi ilə nəticələnə bilər. Uşaqların orqanizmi böyüklərlə müqayisədə daha həssasdır və bir neçə istifadədən sonra asılılıq formalaşa bilər”.

Həkimin sözlərinə görə, uzunmüddətli istifadədə ağız boşluğunda iltihabi proseslər, diş ətinin zədələnməsi, ürək-damar sistemi problemləri və sinir sistemində pozuntular yarana bilər.

“Ən təhlükəli məqam isə budur ki, bu məhsul siqaret kimi qəbul edilmədiyi üçün uşaqlar özlərini risk altında görmürlər”, – deyə o əlavə edib.

Natiq Ələsgərov

Saytımıza danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, azyaşlılar arasında “snus” kimi nikotin tərkibli məhsulların yayılması hüquqi boşluqları da üzə çıxarır:

“Hazırda bu məhsulun konkret olaraq narkotik və ya psixotrop maddə kimi təsnifatı aparılmayıb. Lakin azyaşlılara zərərli məhsulların satışı və yayılması ilə bağlı ümumi hüquqi normalar mövcuddur. Əgər sübut olunarsa ki, bu məhsul uşaqların sağlamlığı üçün təhlükə yaradırsa, onun satışına və reklamına məhdudiyyətlərin tətbiqi mümkündür”.

Hüquqşünas vurğulayıb ki, valideynlərin də məsuliyyəti var:

“Valideyn övladının sağlamlığına təhlükə yaradan hallara biganə qala bilməz. Məktəblərdə və ictimai yerlərdə bu cür məhsulların yayılması isə inzibati məsuliyyət yarada bilər”.

Üzeyir Şəfiyev

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, “snus”un məktəblilər arasında populyarlaşması daha dərin sosial problemlərin göstəricisidir:

“Bu, təkcə sağlamlıq məsələsi deyil. Yeniyetmələr arasında riskli davranışlara meyl, “trend” dalınca getmək, sosial şəbəkələrdə gördüklərini təkrarlamaq istəyi bu cür məhsulların yayılmasını sürətləndirir. Uşaqlar bunu özlərini “böyük” və ya “fərqli” göstərmək vasitəsi kimi qəbul edirlər”.

Sosioloqun fikrincə, maarifləndirmə yalnız qadağalarla məhdudlaşmamalıdır:

“Əgər biz yalnız cəzalandırma yolunu seçsək, problem gizli şəkildə davam edəcək. Məktəblərdə psixoloqların, valideynlərin və müəllimlərin birgə işi, açıq söhbətlər və düzgün informasiya bu prosesin qarşısını almaqda daha effektiv ola bilər”.

Qeyd edək ki, mövzu ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov isə bildirib ki, “snus” adlandırılan məhsulun tərkibi və hüquqi statusu hazırda araşdırılır: “Bu məhsulun narkotik vasitə və ya psixotrop maddə kimi qiymətləndirilməsi ilə bağlı hələlik ixtisaslaşmış ekspert rəyi yoxdur. Bununla belə, məsələ diqqət mərkəzində saxlanılır və aidiyyəti qurumlarla birgə araşdırmalar aparılır”.

Seçilən
101
nocomment.az

1Mənbələr